Tanınmış iş adamı onunla münaqişədə olan ana və oğlunu həbs etdirmək məqsədilə avtomobillərinə narkotik vasitə qoydurmaq istədiyi üçün həbs olunub.
Report.az xəbər verir ki, Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işinin istintaqı zamanı Şəkidə fəaliyyət göstərən "Azəri koperasiyası" MMC-nin direktoru, rayonda tanınan və maddi imkanı ilə xüsusi seçilən Tehran Lətifovun onunla münaqişədə olan Sevil Səlimova və oğlu Vasif Səlimovu saxta sübutlarla həbs etdirmək istədiyi məlum olub.
Bu səbəbdən o, tanışları - İlham Vahablı, Nicat Quliyev və Qaçay Məmmədovu Bakıya göndərərək Şüvəlan qəsəbə sakini Əmir Mustafayevdən külli miqdarda marixuana aldırıb. Həmin şəxslər narkotik vasitəni Şəki şəhərinə gətirərək Vasif Səlimovun avtomobilinə qoymalı imişlər. Bundan xəbərdar olan qarşı tərəfin vaxtında hüquq-mühafizə orqanlarına müraciət edib və Baş Prokurorluqda aparılan araşdırmalar nəticəsində təqsirləndirilən şəxslərin əməlləri sübuta yetirilib. Nəticədə Tehran Lətifov və digərləri saxlanılıb.
Onlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.
Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsi tərəfindən Tehran Lətifov və digərləri barəsində həbs qətimkan tədbiri seçilib.