Binəqədi rayonunda 29 yaşlı Məzahir şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı Azəri (adlar şərti verilib) qətlə yetirib. Bu haqda 20 sentyabr tarixində Oxu.az məlumat verib.
Belə ki, 31 dekabr 2021-ci ildə “144 Tea House” adlı kafedə sərxoş olan
Məzahir tanışı Azəri bir neçə ay öncə dediyi sözə görə bıçaqlayaraq öldürüb.
Məzahir Azərin bir neçə ay bundan əvvəl “Şəhrizad” kafesinin yanından keçərkən ona əvvəlcə: “Sənin ananı tanıyıram”, - daha sonra gülümsəyərək: “Müəllimədir”, - deməsini xatırlayıb. O, Azərin həmin ifadəni anasının ünvanına pis mənada, kinayə ilə işlətməsini ehtimal edib və bu səbəbdən onu öldürmək qərarına gəlib.
Bu məqsədlə kafenin mətbəxində istifadə olunan bıçağı götürüb və masa arxasında oturmuş Azərə çoxsaylı zərbələr endirib. Azər aldığı xəsarətlərdən vəfat edib.
Məzahir Cinayət Məcəlləsinin “Xuliqanlıq niyyəti ilə adam öldürmə” maddəsi ilə ittiham olunaraq 17 il müddətinə azadlıqdan məhrum edilib.