top
Mənim 20 Yanvar xatirələrim...
19 yanvar 2025, 22:09
- ↺ +

Mənim 20 Yanvar xatirələrim...

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

O məşum gecədən düz 35 il ötür. Düz 35 il əvvəl baş verən hadisələr zamanı Azərbaycan xalqının ürəyinə vurulan yara hələ də sağalmayıb. 35 ildir ki, xalq öz şəhidlərini ehtiramla yad edir. O gecə nələr baş verdiyi hələ də tam aydın olmasa da, mən bu gün anlayıram ki, xalqım həmin gecə qəhrəmanlıq dastanı yazdı. Bu, Azərbaycan xalqının azadlıq hərəkatı idi. Bu, sovet zəncirinə qarşı etiraz idi. O gecəni xatırlayanlar çoxdur, mənim də uşaq yaddaşıma həkk olan bəzi xatirələr var ki, illər keçsə də unudulmaz. O gecə baş verən hadisələr heç vaxt yaddaşımdan silinməz.

Biz 1988-ci il mitinqlərini, izdihamlı meydanı görən uşaqlar idik. Hələ 4-cü sinifdə oxusam da, ali təhsil ocağında müəllim işləyən atama qoşular, bəzən də anam məni ora aparardı. Kürsüyə çıxanların, odlu-alovlu çıxış edənlərin nə danışdığını, insanların niyə bura yığışdığını 4-cü sinif şagirdi başa düşə bilməzdi. Elə sovet əsgərini ilk dəfə o meydanda görmüşdüm. Mitinqi dağıtmaq üçün SSRİ-nin əmri ilə tankla, topla, avtomatla gələn əsgərləri. Mən nə biləydim ki, aradan bir il 3 ay keçəcək həmin o əsgər Bakıda qırğın törədəcək. 1990-cı ilin yanvar ayı qarışıqlıq idi. Xüsusən də paytaxt Bakıda vəziyyət gərginləşmişdi. Sovetskinin Yuxarı Dağlı məhəlləsindəki kiçik evimizə ara-sıra qonşular yığışar, “müəllim, bu işlərin axırı necə olacaq” deyə atamdan soruşardılar. O vaxt hərəkatlarda ali təhsil ocağının müəllimləri aktiv olduğu üçün qonşular elə bilirdi ki, bütün baş verənlərlə yanaşı, gələcəkdən xəbər vermək də müəllimin peşəsidir. Hava qaralandan sonra həyətdə səs-küy qopdu, “Bakıya sovet ordusu hücum edib” nidası bütün dalanı silkələdi. Məhəllənin, qonşu küçələrin, evlərin əhalisi çölə axışdı. Kişilər təşkilatlanıb hərəsi bir istiqamətə səpələndi. Atam qonşularla “Salyanski kazarma” deyilən əraziyə, qardaşım Tibb Universitetinin tələbəsi olan qonşumuzla o vaxtkı “11-ci Qızıl Ordu”, indiki “20 Yanvar” ərazisinə getdi. Az sonra havada uçuşan güllələr, avtomat səsi, qışqırıq, səs-küy aləmi bürüdü. Biz uşaqlar isə nələrin baş verdiyini, insanların niyə təşvişə düşdüyünü, niyə güllələrin uçuşduğunu dərk etmirdik. Küçələrdəki insan meyitləri, üstündən tank keçən maşınlar, qan gölməçələri, dəlik-deşik olan divarlar, atəşə tutulan təcili tibbi yardım maşını bizə film kimi gəlirdi, dərk etmirdik. Səhər açılanda artıq sovet ordusunun Bakı əhalisinə divan tutduğunu öyrəndik. Bir də səhəri biz gəmi səsi ilə açdıq. Bakı buxtasına yığışan gəmilər aramsız fit verir, ölüm sükutu çökmüş şəhəri lərzəyə gətirirdi. Damlara çıxıb dənizə toplaşan gəmilərə baxır, niyə fit verdiklərini anlamırdıq. Mən sonralar anladım ki, igid dənizçilərimiz bu yolla etirazlarını bildirib, Bakıda baş verənləri xarici ölkələrə çatdırıbmışlar.

20 Yanvar şəhidərinin dəfni elə 1988-ci il izdihamlarını xatırladırdı. Elə Azərbaycanın Milli Azadlıq Hərəkatı bu mitinqlərlə başlamışdı. İlk olaraq Qarabağ ermənilərinə qarşı 19 fevralda keçirilən etiraz aksiyaları sonradan, yəni noyabr ayında kütləvi mitinqə çevrildi. Topxana meşəsinin qırılmasına və Qarabağın separatçı ermənilərinə qarşı keçirilən bu aksiyalarda biz ilk dəfə suverenlik, azadlıq şüarlarını eşitdik. Eşitdik və nə biləydik ki, 1 il 3 ay sonra bu şüara görə SSRİ ordusu Bakıda dinc insanlara divan tutacaq.

Şəhidlərin dəfnində Azərbaycanın hər yerindən tökülüb gələn insanlar, üz-gözünü cıran qadınlar, göz yaşını silən kişilər... Bunlar mənim yaddaşıma həkk olan kadrlar oldu və hələ də Şəhidlər Xiyabanının yanından belə keçəndə o günləri xatırlayıram. Azərbaycan xalqı düz 40 gün yas saxladı. 40 gün kişilər üzünü şəhidlərə ehtiram olaraq qırxdırmadı. Qadınlar qara geyimdən çıxmadılar. Hətta televiziya diktorları belə efirə üzü tüklü çıxmışdılar. Hamı şəhidinə ağlayır, yas tuturdu. Şəhidlərin dəfni mənim yadımda qərənfillə də qaldı. O gün Bakı kəndlərində gül parniki olanlar bütün qərənfilləri yığıb şəhidlərinin dəfninə gətirmişdilər. O gün Bakı kəndlərində gül parniki olan kişilər bir illik qazanclarından uf demədən keçdilər. O gün Bakı kəndlərində gül parniki olan bakılılar Rusiya bazarlarına yox, Şəhidlər Xiyabanına üz tutdular. Bir illik qazancından uf demədən keçmək üçün insanın nə boyda ürəyi olmalıdır? Bəli, bu ürək sahibi bakılılar, bakı kəndlərinin sakinləri, gül parniki olanlar idi.

22 yanvar tarixində yağan leysan yağışını elə bir Tanrı yağdırdı ki, Bakı küçələrini yusun, təmizləsin. O leysanın altında o vaxtı Razin, indiki Bakıxanov qəsəbəsindən piyada Sovetskiyə gələn əmimin suyun altında islanması, qapını açanda “salamatsız” deməyi hələ də yadımdan çıxmaz. Biz uşaq idik, baş verənləri anlamırdıq. 6-cı sinifdə oxuyan uşağın milli mübarizə, azadlıq hərəkatı o qədər də dərk edəcəyi mövzular deyildi. Biz sonradan biləcəkdik, dərk edəcəkdik ki, 20 Yanvar xalqın Milli Azadlıq Hərəkatıdır! Qəhrəmanlıq dastanıdır!

Biz məktəb başlayanda bildik ki, Xəzər kinoteatrının yanında qalan sinif yoldaşımız Seymurun atası həmin məşum gecə yaralanıb. Sinif rəhbəri onu lövhəyə çağırıb bunu elan edəndə Seymur hönkür-hönkür ağlamışdı. Müəllim isə onu qucaqlayıb, göz yaşlarını silib “sənin atan qəhrəmandır, sənin atan azadlıq uğrunda canından keçməyə hazır olan bir igiddir” demişdi. Biz isə uşaq təfəkkürü ilə onun nə dediyini anlamır, ürəyimizdə Seymurun halına yanır, acıyırdıq. Amma mən sonralar dərk etdim ki, həqiqətən Seymurun, təkcə Seymurun yox, o gecə əliyalın ordu üstünə yürüyən azərbaycanlıların hər biri qəhrəmandır, igiddir. Belə bir xalqa qalib gəlmək olar?...

Hikmət Həsənov

Son xəbərlər

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
05 noyabr 2026, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
05 noyabr 2026, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
05 noyabr 2026, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
05 noyabr 2026, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
05 noyabr 2026, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
05 noyabr 2026, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
05 noyabr 2026, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
05 noyabr 2026, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
05 noyabr 2026, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
05 noyabr 2026, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
05 noyabr 2026, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Oxşar xəbərlər