Bakının mərkəzində bir və iki otaqlı mənzillərə maraq artıb. Bu haqda BakuPlus.az Xəzər Xəbər-ə istinadən bu gün, 26 sentyabr tarixində xəbər verir.
Kirayə mənzil bazarında bahalaşmanın həddindən artıq olması həmin mənzillərə tələbatı artırıb.
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyib ki, xüsusən də Bakının mərkəzindən kənarda yaşayanlar 4-5 otaqlı evlərini sataraq şəhərin mərkəzində köhnə tikili olan 3 və 5 mərtəbəli binalardan ev almağa üstünlük verirlər.
Ekspertin sözlərinə əsasən, köhnə binalardan mənzil almaq istəyənlərin sayı təxminən 10-15 faiz artıb:
“Köhnə tikili bir və iki otaqlı evlər ən çox Nəsimi, Səbail və Nərimanov rayonu ərazisində satılır”.
Rieltor Həşim Qədirov deyib ki, bu günlərdə kirayə mənzillərə tələb çox, təklif isə az olduğu üçün, bəzi iş adamları köhnə mənzilləri alıb kirayə bazarına çıxarırlar.
Nəticə olaraq köhnə tikili binalardakı mənzillərə marağın çox olması qiymətlərə də təsir edib.