top
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
20 may 2025, 09:02
- +

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi mayın 20-də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Ardınca təqsirləndirilən Ruben Vardanyan müraciət edərək işə baxan hakimlər kollegiyasına etiraz etdiyini bildirib. Təqsirləndirilən şəxsin müdafiəçisi Avraam Berman etirazı müdafiə edib.

Dövlət ittihamını müdafiə edən prokurorlar etiraza münasibət bildirərək təqsirləndirilən Ruben Vardanyanın cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulan hüquqlarının ibtidai istintaq və məhkəmə icraatı zamanı təmin edildiyini, habelə müdafiə tərəfinin işə baxan məhkəmə kollegiyasının cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret sübutlar təqdim etmədiyini qeyd edərək etirazın baxılmamış saxlanılmasını xahiş edib.

Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təmin olunmamasını məhkəmədən xahiş ediblər.

Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra müdafiə tərəfinin etirazına dair məhkəmə qərarı elan edilib. Qərara əsasən, etiraz baxılmamış saxlanılıb.

Sədrlik edən hakim Zeynal Ağayev qərarı əsaslandıran zaman bildirib ki, müdafiə tərəfi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret və mötəbər dəlillər təqdim etməyib.

Ardınca zərərçəkmiş şəxslərin hüquqi varislərinin və zərərçəkmiş şəxslərin məhkəmədə ifadələri dinlənilib.

Zərərçəkmiş Ümid Həsənovun hüquqi varisi qismində tanınaraq dindirilən Məxfurə Həsənova bildirib ki, övladı Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Kəlbəcərdə törədilmiş genişmiqyaslı təxribat nəticəsində həlak olub.

Digər zərərçəkmiş şəxsin - Niyazi Məmmədəliyevin hüquqi varisi qismində tanınaraq dindirilən Şadman Məmmədəliyev ifadəsində bildirib ki, qardaşı Ağdam-Ağdərə-Sırxavənd istiqamətində düşmən tərəfinin odlu silahdan açdığı atəşlər nəticəsində həlak olub.

Zərərçəkmiş şəxslər - Zaur Sadıqov, Əli Şıxəliyev, Peyman Cabbarov, Zahid Qocayev bildiriblər ki, Kəlbəcər rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin genişmiqyaslı təxribatı zamanı güllə yarası alıblar. Həmin vaxt onlarla bərabər olan başqa bir neçə nəfər də xəsarət alıb və həlak olub.

İfadə verən zərərçəkmiş İlkin Musazadə və Salman İmranzadə bildirib ki, düşmən tərəfinin Xocavənddə törətdiyi təxribat zamanı açılmış atəş nəticəsində güllə yarası alıblar. Onlar dövlət ittihamçıları Fuad Musayevin və Vüsal Abdullayevin suallarına cavabında qeyd ediblər ki, həmin vaxt olduqları ərazilərə iriçaplı silahlardan atəş açılıb, nəticədə bir neçə nəfər həlak olub.

Zərərçəkən Süleyman Əsədullayev dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında Ağdərənin Canyataq kəndində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan “Kornet” tipli raket mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını bildirib.

Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Ramin Balaxanlı Xocalının Xanabad kəndinə atılan minaatan mərmilərinin onun yaxınlığına düşüb partlaması nəticəsində yaralandığını bildirib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında deyib ki, həmin vaxt onunla birgə Pünhan Kazımov və Babək Əhmədli də müxtəlif növ bədən xəsarətləri alıb.

Digər zərərçəkmiş şəxs Vüsal Məmiyev isə deyib ki, Xocalıda yaralanıb. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində Sahil Aslanov və Rəşid Zeynallı həlak olub. Onunla bərabər olan Nurlan Quliyev və Rövşən Əzimli isə yaralanıblar.

Düşmən tərəfindən törədilən təxribatın qurbanlarından biri də Tale Zabitov olub. Zərərçəkmiş şəxs ifadəsində deyib ki, Xocalıda olan zaman açılmış atəşlər nəticəsində o, Gülverdi Mehtiyev və Müslüm Əliyev yaralanıb.

Digər zərərçəkmiş şəxs Samir Baxışov Xankəndidən açılmış atəş nəticəsində yaralandığını deyib.

Zərərçəkmiş Vüsal Alıyev ifadəsində Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən genişmiqyaslı təxribat xarakterli hərəkətlər törədilməsi nəticəsində Laçında yaralandığını bildirib. O bildirib ki, hadisə zamanı Coşqun Zülfüzadə və Mirtalıb Ağazadə həlak olub.

İfadə verən zərərçəkmiş şəxs Fərhad İsmayıllı da Laçın rayonu ərazisində düşmənin təxribatı nəticəsində yaralandığını deyib. Bildirib ki, düşmən izburaxan alışdırıcı güllələrdən, minaatanlardan və tank əleyhinə mərmilərdən istifadə etməklə onun olduğu yeri atəşə tutub. Atılan mərmilərdən biri onun təxminən 7-8 metr yaxınlığına düşüb partlayıb. Partlayışın təsiri onu kənara tullayıb.

Zərərçəkmiş şəxslər - Mirsadiq Mirsadiqov və Ceyhun Bayramov da Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı dəstələrinin təxribatı zamanı yaralandıqlarını bildiriblər.

Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası mayın 27-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Aprel döyüşlərindən 10 il ötür

Xəbər
Dünən, 18:00

Mehdiabadda qəzalı məktəbdə tədris dayandırılıb

Xəbər
Dünən, 17:20

Bakıda cibgirlik edən şəxs saxlanıldı

Xəbər
Dünən, 16:20

Mart ayında 12 aptekdə nöqsanlar aşkarlanıb

Xəbər
Dünən, 15:20

"Yanğınsöndürən balonlar olsa da, yorğanlardan istifadə edilib" - 7 körpənin ölümü ilə bağlı məhkəmə

Xəbər
Dünən, 14:20

349 ton Rusiya taxılı Bakıdan Ermənistana göndərildi

Xəbər
Dünən, 13:39

Azərbaycanda yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışı oldu

Xəbər
Dünən, 13:20

Gözəllik salonundan oğurluq etdi, tutuldu

Xəbər
Dünən, 12:20

Borc müqaviləsi nə üçün vacibdir? - Ali Məhkəmədən açıqlama

Xəbər
Dünən, 11:20

Bakıxanovun doğulduğu evin bir hissəsi uçdu

Xəbər
Dünən, 10:20

Ər və arvad kirayə qaldığı evdə dəm qazından ölüb

Xəbər
Dünən, 09:20

Sabunçunun bəzi ərazilərində işıq olmayacaq

Xəbər
31 mart 2026, 18:00

Polis 64,2 kiloqrama yaxın narkotik vasitə aşkarladı

Xəbər
31 mart 2026, 17:00

Bakıdakı dəhşətli qardaş qətlinin təfərrüatları

Xəbər
31 mart 2026, 16:00

DİN ötən gün aşkar olunan silah-sursatların sayını açıqladı

Xəbər
31 mart 2026, 15:00

Bakıda yağan rekord yağışların səbəbi müharibədir - Alimdən sensasion açıqlama

Xəbər
31 mart 2026, 14:00

İtkin düşənlər tapıldı

Xəbər
31 mart 2026, 13:01

BDU-nun aparıcı elmi işçisi 97 yaşında vəfat etdi - FOTO

Xəbər
31 mart 2026, 12:02

FHN su basmış ərazilərdən 766 nəfəri təxliyə edib

Xəbər
31 mart 2026, 11:04

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanıldı

Xəbər
31 mart 2026, 10:04

Zaur Axundov ev dustaqlığında qaldı

Xəbər
31 mart 2026, 09:34

Ailədə xəstə uşaq üstündə DAVA: Ər arvadını döydü

Xəbər
31 mart 2026, 08:35

Prezident Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

Xəbər
31 mart 2026, 08:20

Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

Oxşar xəbərlər