Bakıda “Münaqişədən sonra gənclər və uşaqlara dəstək” adlı layihə həyata keçirilir. Bu haqda 12 noyabr tarixində AZƏRTAC xəbər verib.
Üç ay ərzində icra olunacaq layihə Azərbaycan Kapoeyra Federasiyasının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığın təşkilatçılığı ilə start götürəcək. Layihə müharibədən əziyyət çəkmiş uşaq və gənclərə, şəhid övladlarına kapoeyra idman növü vasitəsilə psixoloji və fiziki durumlarını inkişaf etdirməyə yönəldilib. Layihədə həmçinin ölkədə yaşayan xarici qaçqın statusu olan şəxslər də iştirak edə biləcəklər.
Əsas məqsəd isə bu idman növünə maraq oyatmaq, kapoeyranın özünəməxsus tərzi, musiqi və idmanın harmoniyası ilə daha da yaxın tanış etmək, bu idmanla məşğul olmaq istəyənlərin fiziki-mənəvi durumlarına müsbət təsir etməkdir.
Layihə ərzində federasiyanın peşəkar məşqçi heyəti, eyni zamanda, psixoloqlar və sosial işçilər fəaliyyət göstərəcəklər. Bakı şəhərindən yanaşı, həmdə Bərdə və Gəncə şəhərlərini əhatə edəcək.