Martın 3-6-da Azərbaycanın paytaxtında akrobatika gimnastikası üzrə 12-ci Dünya yaş qrupu yarışı keçiriləcək. Bu haqda Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Gimnastika Federasiyasının ilk dəfə təşkil etdiyi bu yarışlarda 21 ölkədən 466 gimnastın iştirak edəcəyi gözlənilir.
12-18 və 13-19 yaş qrupları üzrə idmançılar qadın, qarışıq və kişi cütlüklərində, qadın və kişi qruplarında tarazlıq, temp və kombinə edilmiş hərəkətlər proqramı üzrə yarışacaqlar.
12-18 yaş kateqoriyası üzrə keçirilən yarışda Azərbaycanı Rəsul Seyidli və Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, qadınlardan Nəzrin Qasımova və Xanım Məmmədzadə, qarışıq cütlükdə Milana Əliyeva və Nizam Xamidulindən ibarət cütlük təmsil edəcək. Qadın qrupu - Anahita Bəşiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyeva, 13-19 yaş kateqoriyasında ölkəni Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.