Bakıda taksi fəaliyyəti ilə məşğul olan Əziz Adıgözəlovun döyülməsi ilə bağlı deyilənlərin yalan olduğu üzə çıxıb. Bu haqda bu gün, 9 sentyabr tarixində Bakuplus.az Oxu.az-a məlumat verir.
Bir müddət əvvəl Adıgözəlov döyüldüyünü bildirib. Onun sözlərinə görə, Azadlıq prospektində avtomobillə hərəkət edərkən sürücülərdən biri onu sıxışdırmağa başlayıb:
“Ona niyə belə etdiyini söyləyəndə cavab verdi ki, “əcəb edirəm”. Daha sonra metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında mənə hücum çəkdi və döydü. Mən onun maşınının şəklini çəkmək istədikdə yenidən məni döyməyə cəhd etdi”.
Adıgözəlov bildirib ki, 102 qaynar xəttində müraciət edib və onu Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə yönləndiriblər. Lakin 4 gün ərzində polis ondan izahat almayıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev vətəndaşdan izahatın alındığını bildirib: “Araşdırmalarla məlum olub ki, Ə.Adgözəlov döyülməsi ilə bağlı “102” Xidməti Zəng Mərkəzinə yalan məlumat verib. Bununla əlaqədar İXM-in 564-cü (Bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri çağırma) maddəsi ilə protokol tərtib olunub”.
“Bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa” görə yüz manat məbləğində cərimə tətbiq olunur.