Bakıda daşınmaz əmlak saytlarında kirayə mənzil elanları yerləşdirərək vətəndaşları kütləvi şəkildə aldadan şəxs saxlanılıb. Bu haqda 27 sentyabr tarixində Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev məlumat verib.
29 yaşlı Bayram Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, H.Məmmədov ilkin ifadəsində hər gün, əksəriyyəti tələbələr olmaqla, 3 şəxsə qarşı dələduzluq etdiyini etiraf edib.
Məmmədovun etiraflarına əsasən, o, sosial şəbəkələrdə mənzillərin fotolarını paylaşaraq vətəndaşlardan beh alır və onları “bloka” atırdı.
Faktla bağlı istintaq davam edir.
Daxili İşlər Nazirliyi vətəndaşlara kirayə və ya digər daşınmaz əmlak alqı-satqısı elanları ilə bağlı saytlarda tanımadıqları şəxslərin hesabına vəsait köçürməməyi tövsiyə edir.