Bakıda yeznəsini öldürən şəxsə hökm oxunub. Bu haqda 24 avqust tarixində Kriminalqafqaz.az məlumat verib.
Suraxanı rayonunda Allahverdi Mirzəyevi yaşadığı evin həyətində güllələyərək öldürən qayını, 44 yaşlı Taryel Qurbanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay müddətlik həbs cəzasına məhkum edilib.
Belə ki, 2021-ci il 10 dekabr tarixində saat 21:00 radələrində Allahverdi Mirzəyev özündən 19 yaş kiçik və qeyri-rəsmi nikahda yaşadığı sevgilisindən olan övladının doğum gününə hədiyyə almaq üçün evə gələrək arvadını döyüb, onun qızıl boyunbağısını boğazından dartaraq çıxarıb. Bundan xəbər tutan Mirzəyevin qayını Taryel Qurbanov daha əvvəl də bu tip hadisələrin baş verdiyini bilərək yeznəsini qətlə yetirmək qərarına gəlib.
Hadisə günü o, bacısının evinə gələrək özünlə gətirdiyi tüfənglə Mirzəyevə yaxınlaşıb və silahın lüləsini onun çənəsinin alt hissəsinə dirəyib. Daha sonra atəş açaraq yeznəsini öldürüb.
Təqsirləndirilən şəxs məhkəmədə deyib:
“Allahverdi bacımı, demək olar ki, hər gün döyüb, təhqir edib. Allahverdinin bir qadınla münasibəti vardı, bacımın qızıllarını əlindən zorla alaraq həmin qadına vermişdi. Allahverdi həmin qadın üçün ev tikdirmiş, hətta onun üçün mahnı bəstələtdirmiş və həmin mahnını utanmaz-utanmaz gətirib bacıma göstərmişdi. Bacım onun əlindən çox əzab çəkmişdi. Bir qardaş kimi bunu özümə sığışdıra bilmirdim, səbir kasam dolmuşdu”.