Bakının Yasamal rayonunda 12 il əvvəl ehtiyatsızlıqdan adam öldürməkdə təqsirli bilinən Telman Məcidov məhkəmə zalından azadlığa buraxılıb. Bu haqda bu gün, 26 dekabr tarixində Report məlumat verib.
Məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyev tərəfindən aparılıb. Hökmə əsasən, cinayətin üstündən 12 il vaxt keçməsi səbəbindən o, məhkəmə zalından azadlığa buraxılıb.
Daha öncə məlum olub ki, 1964-cü il təvəllüdlü Telman Məcidov 1969-cu il təvəllüdlü Qürbət Abzərovla birgə cəzaçəkmə müəssisəsində saxlanılıb. 2010-cu il noyabrın 18-də cəza müddəti başa çatdıqdan sonra həmin şəxslər görüşüblər.
Abzərov Telman Məcidovun ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr işlətdiyinə görə, Məcidov ondan qisas almaq istəyib. Aralarında yaranmış mübahisə zamanı o, Abzərovun başına dəmir çubuqla vurub. Aldığı xəsarət nəticəsində Abzərov 8 gün sonra xəstəxanada ölüb.