1980-ci ildə Bakıdakı konsertdə Cahangir Cahangirovun "Ana Kür" mahnısını ifa edən 14 yaşlı Xeyransa Məmmədova bütün zalı heyran qoydu. Onun gur səsi qısa müddətdə ölkə miqyasında tanındı.
1966-cı il noyabrın 26-da Bakıda dünyaya gələn Xeyransa doqquz uşaqlı ailənin sonbeşiyi idi. Səkkiz yaşından "Vətən" instrumental ansamblında çıxış edir, "Oxu, tar" müsabiqəsində və məktəblilərin Zaqafqaziya festivalında laureat olurdu.
Lakin onun həyatının arxasında ağır bir xəstəlik dayanırdı. Xeyransa şəkərli diabetdən əziyyət çəkirdi. Buna baxmayaraq, musiqidən ayrılmır, müxtəlif şəhərlərdə konsertlər verirdi.
Dahi dirijor Niyazi bir gün onu övladlığa götürmək istədiyini deyəndə Xeyransa belə cavab vermişdi: "Mən sizi çox sevirəm, amma evimiz üçün darıxaram axı".
Onun sənətə gəlişi sonrakı nəsil xanəndələrə də təsir göstərdi. Xalq artisti Könül Xasıyeva sənətə başlamasında Xeyransanın rolunu xüsusi qeyd edib.
Şəxsi həyatında isə ağır sınaqlarla üzləşən müğənni ana olmaq arzusundan əl çəkməyib. Dörd hamiləliyi itki ilə nəticələnib. 1995-ci il iyunun 2-də, beşinci dəfə övlad dünyaya gətirməyə çalışarkən ürəyi dayanıb. Xeyransa Məmmədovanın 29 yaşına çatmasına hələ beş aydan çox qalırdı.
Ondan bir neçə lent yazısı, musiqi tarixində izi və bu gün də unudulmayan "Ana Kür" ifası yadigar qaldı.
Mənbə: kulis.аz