Noyabrın 13-də Bakının tarixi Kamera və Orqan Musiqisi Zalında (Kirxa) "Vals və tanqo axşamı" adlı konsert keçiriləcək.
Bakuplus.az xəbər verir ki, saat 20:00-da başlayacaq tədbirdə klassik vals və məşhur tanqo əsərləri səsləndiriləcək. Konsertin əsas özəlliyi instrumental musiqinin peşəkar rəqqasların canlı çıxışları ilə müşayiət olunmasıdır.
Yüzlərlə şamın işığında təşkil ediləcək gecədə tamaşaçılar həm musiqiçilərin ifalarını dinləyəcək, həm də vals və tanqo rəqqaslarının çıxışlarını izləyə biləcəklər.
Konsertin proqramına İohann Ştraus, Dmitri Şostakoviç və Yevgeni Doqanın məşhur valsları, eləcə də tanınmış film və cizgi filmlərindən musiqilər daxil edilib.
Bununla yanaşı, Astor Piazzolla, Karlos Qardel, Yakob Qade və digər bəstəkarların tanqo əsərləri təqdim olunacaq. Tamaşaçılar məşhur "Libertango", "Oblivion", "Por una cabeza" və "La Cumparsita" kimi kompozisiyaları da dinləyə biləcəklər.
Təşkilatçıların bildirdiyinə görə, proqram zərif vals melodiyalarından ehtiraslı və dramatik tanqo ritmlərinə keçid üzərində qurulub. Tarixi Kirxanın memarlığı, şam işığı və canlı rəqs nümayişləri konsertə xüsusi ab-hava qatacaq.
Gecədə "A1 Dance Show" qrupunun rəqs cütlüyü Rauf Hacıyev və Ayla Abbasquliyeva çıxış edəcəklər. Onlar vals və tanqo nömrələrini canlı musiqinin müşayiəti ilə təqdim edəcəklər. Rəqqaslar daha əvvəl beynəlxalq layihələrdə, eləcə də Azərbaycanda keçirilən müxtəlif böyük tədbir və yarışların açılış mərasimlərində iştirak ediblər.
Konsertin musiqi proqramını isə Azərbaycanın tanınmış ifaçılarından ibarət "Ars Caspia Ensemble" təqdim edəcək.
Ansamblın heyətinə aşağıdakı musiqiçilər daxildir:
- Renata Abubekirova (birinci skripka) – Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin birinci skripkaçısı, "Neue Philharmonie München" simfonik layihəsinin iştirakçısı. Fransa, Almaniya, İtaliya, Çin və digər ölkələrdə solist və orkestr üzvü kimi çıxış edib.
- Nərgiz Hüseynzadə (ikinci skripka) – respublika və beynəlxalq müsabiqələrin laureatı, Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin solisti.
- Aleksey Miltıx (violonçel) – Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Kamera Kvartetinin solisti. ABŞ, Almaniya, Fransa, Türkiyə və Cənubi Koreyada konsertlərdə iştirak edib, maestro Yuri Temirkanovun rəhbərliyi altında çalışıb.
- Rəna Rəhimova (alt) – Azərbaycanın Əməkdar artisti, Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin solisti, beynəlxalq müsabiqələrin laureatı.
- Rəvan Əhmədzadə (kontrabas) – Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solisti, respublika müsabiqələrinin laureatı. Azərbaycanda və xaricdə keçirilən çoxsaylı konsert proqramları və festivallarda iştirak edib.
- Ülviyyə Dadaşova (fortepiano) – respublika və beynəlxalq müsabiqələrin laureatı, Prezident təqaüdçüsü. Adı Azərbaycanın "Qızıl istedadlar kitabı"na daxil edilib. Müxtəlif ölkələrdə konsert proqramlarında və festivallarda çıxış edib.
Tədbirin təşkilatçısı 2023-cü ildən Bakıda şam işığında konsertlər keçirən "Ars Caspia Concerts" layihəsidir. Latın dilindən tərcümədə "Xəzər incəsənəti" mənasını verən "Ars Caspia" Azərbaycan musiqiçilərinin, rəssamlarının və digər yaradıcı şəxslərin fəaliyyətinin tanıdılmasına yönəlmiş mədəni layihələr həyata keçirir.
Təşkilatçı ənənəvi konsertlərlə yanaşı, video instalyasiyalar və multimedia elementləri ilə müşayiət olunan musiqi proqramları da təqdim edir.
Biletlərin qiyməti və satış qaydaları
Konsertə biletlərin qiyməti 15–50 manat arasında dəyişir. Biletləri iTicket.az platforması vasitəsilə onlayn, həmçinin şəhərdəki bilet kassalarından əldə etmək mümkündür.
Elektron QR-biletlər konsert günü aktivləşdiriləcək. Onlardan istifadə etmək üçün iTicket.az mobil tətbiqində şəxsi hesaba daxil olmaq lazımdır.
Tədbir üçün yaş məhdudiyyəti 6+ olaraq müəyyən edilib.
Konsert haqqında məlumat:
- Tarix: 13 noyabr 2026-cı il
- Saat: 20:00–21:00
- Məkan: Kamera və Orqan Musiqisi Zalı (Kirxa)
- Ünvan: Bakı şəhəri, 28 May küçəsi, 41
- Bilet qiymətləri: 15–50 manat
- Təşkilatçı: Ars Caspia
Təşkilatçıların məlumatına görə, yerlərin sayı məhduddur. Konsert və növbəti musiqi proqramları haqqında əlavə məlumatı "Ars Caspia Concerts"in rəsmi Instagram səhifəsindən əldə etmək mümkündür.