Məlum olduğu kimi, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Komissiyasının sədr müavini, yazıçı Həmid Herisçinin Təbrizdən video çəkib paylaşması birmənalı qarşılanmayıb.
Globalinfo.az məsələ ilə bağlı Həmid Herisçinin həyat yoldaşı, tanınmış jurnalist İlhamiyyə Rza ilə müsahibəni təqdim edir:
– İlhamiyyə xanım, son günlər mediada və sosial şəbəkələrdə həyat yoldaşınız, yazıçı-jurnalist Həmid Herisçi ilə bağlı müxtəlif iddialar, məlumatlar yazılır, deyilir. Bəlkə müsahibəyə Həmid bəyin İrana getmə səbəblərindən başlayaq? İran ətrafında gərginliyin artdığı bir vaxtda onu ora aparan hansı ehtiyac oldu?
– Bəli, son günlər Həmidə qarşı çox çirkin kampaniyaya start verilib. Düşünürəm ki, bir insanın qəlbi Təbrizlə vurursa, ona xüsusi səbəb lazım deyil. Həyat yoldaşımın Təbrizə getmək səbəbi məhz o şəhərə olan sevgisi ilə bağlıdır. O, öz-özlüyündə hesab edir ki, Bütöv Azərbaycanın rəmzidir – anası bakılı, atası təbrizlidir və onun simasında Azərbaycan bütövdür. Həm də aparıcısı olduğumuz veriliş bağlandıqdan sonra getdi.
– Verilişin dayandırılma səbəbi nə oldu?
– Bilirsiniz, Həmid artıq təqaüddədir. Səbəb odur ki, televizyalarda maliyyə islahatları baş verib və artıq kənar müəlliflərə zəhməthaqqı verilmir. Buna baxmayaraq, rəhbərlik bizim verilişdən razı olduğunu, bəyənildiyini bildirdi. Təklif etdi ki, fəaliyyətimizi ictimai əsaslarla davam etdirək. Mən isə alınmayacağını söylədim. Çünki bu, böyük zəhmət tələb edir. Başqa işdə çalışsam da, şənbə-bazar günlərimi televiziyaya həsr edirdim. Sadəcə, məvacib olmayanda çətin olur. Bizim könüllü işlədiyimiz vaxtlar keçib, yaş öz sözünü deyir. Televiziyanın da öz xərcləri var, yaxşı görünmək, səliqəli geyinmək lazımdır və sair. Bunu isə məvacibsiz davam etmək mümkün deyildi. Ona görə də sağollaşdıq.
– Fəaliyyətinizi digər platformada davam etdirəcəyinizi bildirmisiniz.
– Hər kəsin bu dəqiqə öz sosial şəbəkə kanalı var, ətrafımız genişdir, bizi izləyirlər, hər yazdığımız statusa həssaslıqla yanaşırlar. Bizim artıq auditoriyamız formalaşıb. Ona görə də fikirləşdik ki, Yutub kanalında və ya başqa sosial şəbəkədə kanalımızı daha da genişləndirib, peşəkar səviyyədə fəaliyyətimizi davam etdirərik. Bunu sonraya saxladıq ki, rahat vaxtlarımızda başlayaq işə.
– Həmid Herisçi İranda olanda İsrail və ABŞ-ın hücumu başladı. Bir neçə gün ondan xəbər tutmaq mümkün olmadı. Siz də mediaya narahat açıqlamalar verirdiniz. Sonra Həmid bəy ailəsi ilə telefon əlaqəsi saxlayıb. Niyə o günlərdə telefon, internet əlaqəsi qurmayıb? Ümumiyyətlə, nədən savaş zamanı Təbrizə səfər edib? İndiyə kimi mediaya açıqlanmayan hansı məqamlar var ki, ilk dəfə onu məhz bizə – Globalinfo-ya deyərsiz?
– Həmid hər fürsətdə Təbrizə getməyi arzulayıb, bu dəfə də televiziya fəaliyyətimiz dayandığından artıq boşluq idi deyə getdi. Bilirsiniz ki, Həmid hadisələrin qaynarında olmağı çox sevir, faydalı olmaq istəyir. Xüsusilə də tarixi əhəmiyyəti olan məqamlarda. Əslində, müharibələr arzuolunmaz bir şeydir. Belə bir hadisəni bilavasitə izləmək, oradan mövzular götürmək tarixi məqamlardır. Ernest Heminquey də müharibəni gündəlik kimi yazıb. O, 1940-ci ildə "Əcəl zəngi" adlı məşhur müharibə romanını yazıb. İsmayıl Şıxlı da müharibə haqda roman yazıb. Bu daha təbii, daha canlı və daha gerçək ədəbi əsər olur. Bəlkə də Güney Azərbaycanın taleyi həll olunur. Belə bir fürsəti qaçırmaq olmazdı. Düzdür, Həmid gedən zaman belə situasiya yox idi. Sadəcə, Həmid Güney Azərbaycan şöbəsində şöbə müdirinin – Sabir Rüstəmxanlının müavinidir. Buna görə də onu ora təyin etmişdilər. Açığı, bu, ictimai əsaslarla olan bir işdir, amma Həmid buna çox ciddi yanaşırdı. Dedi ki, bir halda ki, televiziyada çəkilişimiz yoxdur, gedim, oradakı yazarların bəlkə bir almanaxını toplayıb, ədəbi layihələr etdik. Bu, onun bilavasitə işidir.
Müharibə başladıqdan bir gün sonra mənə zəng etdi və dedi ki, narahat olma, Təbrizdə sakitlikdir hələ ki, amma hamı deyir, internet kəsiləcək. Çünki bundan bir neçə ay öncəki hadisələrdə də internet əlaqəsi kəsilmişdi. Dedi, çox güman, sənə zəng edə bilməyəcəm, narahat olma. Həmin anda da çox dostlar zəng edirdi, narahat olurdular deyə status yazdım ki, Həmid ordadır, mən də oradan necəsə çıxıb gələcəyini gözləyirəm.
– Bu günlər ərzində harda olub?
– Həmid hoteldə qalırdı, yazar dostları ilə ünsiyyətdə olurdu. Onlar da Bakıya gələndə Həmid onları qarşılayır, qonaq edir. Həmin insanlar da onu ora gedəndə darıxmağa qoymurlar. Həmid o dövrdə nə etdiyini özü paylaşırdı. Bundan öncəki dövrdə belə gərginlik yox idi. O zaman teatra, mədəni tədbirlərə gedirdi. Lakin bu dəfə gedəndə təəssüf ki, həmin tədbirlər yox idi. Ancaq ictimai yerlərdə olan zaman Təbrizin yazarları ilə ünsiyyətdə olurdu.
– Həmid bəyin Təbrizdən yaydığı məlum video birmənalı qarşılanmadı və onu müəyyən qədər hədəfə çıxardı. Bu videoda onun işlətdiyi bəzi ifadələr – "Naxçıvana bomba yağışı", "Naxçıvanda ölənlər", "Təbriz Bakıya təsəlli verir" və s. kimi söz birləşmələri müzakirə edilir. Bu videodan sonra onunla əlaqə yarada bilmişdiniz? Telefonla danışmışınız?
– Həmin video ilə bağlı sizə deyim ki, Həmid Culfaya gəlmişdi və Bakıya qayıtmaq fikri var idi. Telefonla danışanda yenə də mənə təsəlli verdi ki, narahat olmayım, burada sakitlikdir. Mən də dedim ki, nə sakitlik, Naxçıvana dron atıblar. Hadisə təxminən 10 dəqiqə əvvəl baş vermişdi və mən bunu ilk dəfə Teleqram kanalında oxumuşdum. Elə həmin vaxt Həmid zəng edib Culfada olduğunu dedi. Mən də dedim ki, tez gəl oradan. Çünki mənim hesablamama görə Həmid artıq Naxçıvanda, hava limanında olmalı idi. Bu məni çox təşvişə saldı.
İşdə də vəziyyətim yaxşı deyildi, halım pis oldu. Açığı, elə bildim ki, Həmid hava limanındadır. Həmid isə mənə dedi ki, narahat olma, hava limanında deyiləm. Onda mən də dedim ki, şükür Allaha, sən orada deyilsən, çünki hava limanını bombalayıblar. Düzdür, bombaladıqlarını eşitmişdik, amma təfərrüatını bilmirdik. Hadisə necə olub, kim vurub, necə baş verib – bunlar hələ məlum deyildi. Hətta bir anlıq düşündüm ki, bəlkə hansısa partlayışın qəlpələri düşüb. Hücum olduğunu heç ağlımıza da gətirmirdik, İranın o qədər irəli gedib Azərbaycana bomba atacağını düşünmürdük. Fikirləşirdik ki, İran başını bu qədərmi itirib ki, Azərbaycana bomba atır?! Belə bir vəziyyət idi. Həmid bu xəbəri məndən eşitdi, çünki onun interneti yox idi. Elə mediada da hadisə ilə bağlı ətraflı məlumat mövcud deyildi. Yalnız bir neçə saatdan sonra Prezidentin açıqlaması oldu və həmin ittihamlar səsləndirildi. Ondan sonra başa düşdük ki, bəli, doğrudan da bu hadisə İran tərəfindən törədilib.
Videoda deyilən digər sözlərə gəlincə, hər bir kəs olduğu yerlərdən canlı yayımlar aça bilir. Xüsusi ilə də media adamları oradakı ovqatı çatdırır. Bilirik ki, orada bizim xüsusi müxbirlərimiz yoxdur. Vəziyyət elədir ki, heç kim məlumat vermir. Həmid də boşluğu doldurmaq istədi ki, mən burdayam, məlumat verəcəyəm.
– Həmid bəyin reaksiyası necə oldu?
– Bu hadisə Həmidi o qədər sarsıtdı ki, dedi, "yox, Bakıya qayıda bilmərəm, burada qalmalıyam. Mən yazıçıyam, jurnalistəm. Jurnalist hadisələrin qaynarında olmalıdır və buranı qoyub getmək düzgün deyil. Peşəmə görə hesab edirəm ki, burada qalmalıyam". Bu, məni məyus elədi. Çünki belə çıxırdı ki, mən bu xəbəri ona deməsəydim, o, bəlkə də gələcəkdi. Hər halda, o getdikdən sonra həmin videonu çəkdi. Heç hadisənin təfərrüatını tam bilmirdi, hətta elə bilirdi ki, Naxçıvanda ölənlər olub. Ona görə ümumi bir ifadə işlətdi ki, ölənlərə görə başsağlığı verirəm, təəssüflənirəm. Mən bunda bir qəbahət görmürəm, adam xəbərin təsiri altında bunu deyib. Xoşbəxtlikdən heç kim həyatını itirmədi. Həmid də sadəcə ümumi bir təəssüf ifadə etmişdi. Yəni demək istəmişdi ki, Təbrizdən Bakıya başsağlığı verir. Burada nə var ki? O, oradakı ovqatı təsvir etdi. Sonra da əlavə etdi ki, bu məsələ çox ciddi şəkildə araşdırılmalıdır. Burada qəbahət sayılacaq heç nə yoxdur. Amma bundan sonra məsələ başqa cür təqdim olunmağa başladı.
– Videonu kimin vasitəsi ilə yaymışdı?
– Burada fəaliyyət göstərən Güney Azərbaycan Komissiyasının öz "WhatsApp" qrupu var. Həmid videonu orada paylaşmışdı ki, Güney Azərbaycanda narahat olan insanlar da bilsinlər burada nə baş verir. Həmin qrupdan isə video götürülərək müxtəlif saytlara yönləndirildi. Bundan sonra isə video geniş şəkildə tirajlandı və ona müxtəlif "donlar geyindirilməyə" başlandı. Mən bunu çox qərəzli və məkrli bir plan hesab edirəm. Fürsət yoxsulları istifadə edib videonu müxtəlif cür yozmağa başladılar. Halbuki yozmazdan əvvəl məsələyə diqqətlə baxmaq lazım idi. Əlbəttə, həmin paylaşımların altında adekvat düşünən insanlar kifayət qədərdir, nəinki videoya baxmadan fikir yürüdənlər. Həmidi guya İranın tərəfini tutmaqda ittiham edirlər, bu gülünc bir haldır.
– Həmid Herisçi bir vaxtlar Güney Azərbaycan televiziyasında da fəaliyyət göstərib…
– Siz də yaxşı bilirsiniz ki, həmin kanalın mövqeyi necədir. Hətta o vaxt Həmid ora işləməyə gedəndə ona deyirdim ki, ora getsən, sənin Təbrizə yolun bağlana bilər, bu, təhlükəlidir. Ona bildirirdim ki, yaxşı-yaxşı düşün, sən axı Təbrizi itirmək istəmirsən. Ora getsən, sonradan problemlərlə üzləşə bilərsən. Amma Həmid getdi və orada da tam açıq şəkildə fəaliyyət göstərdi. İnternetdə onun İran haqda mövqeyi mövcuddur. İranda baş verən hadisələrlə bağlı həmişə etik çərçivədə və mövcud siyasi kontekstə, dövlətin mövqeyinə uyğun şəkildə fikrini ifadə edib. Ümumiyyətlə, Həmidin fəaliyyəti o qədər şəffafdır ki, bunu başqa cür yozmağa çalışmaq nə dərəcədə mümkündür, bilmirəm. Əgər kimsə bunu başqa cür yozursa, deməli, sadəcə yozmaq istəyirlər. Çünki o, fikirlərini kifayət qədər aydın və açıq şəkildə ifadə edib.
– Artıq bəzi saytlarda belə yazılar dərc olunub ki, Həmid Herisçini bu cür çıxış etməyə, video paylaşmağa İran hökuməti, hətta SEPAH məcbur edə bilər. Həyat yoldaşınız haqda bu iddialara münasibətiniz necədir?
– O iddialara gəlincə ki, guya bunu kimlərsə ona dedizdirib və ya SEPAH, başqa qüvvələr məcbur edib, yanlışdır. Azərbaycan ciddi bir sınaq qarşısındadır. Bilirsiniz ki, bizim qonşuluğumuzda, çox yaxın məsafədə həmvətənlərimiz, soydaşlarımız yaşayır. Eyni zamanda İran coğrafi baxımdan bizə yaxın olan bir ölkədir. Belə bir vəziyyətdə Azərbaycanın bu cür hadisələrin mərkəzinə çevrilməsi ölkəmizin xeyrinə olan bir məsələ deyil. Bu, arzuolunmaz bir vəziyyətdir və bizi çətin duruma salır. Hazırda kifayət qədər gərgin bir hal mövcuddur. Belə bir şəraitdə müxtəlif təxribatlarla məşğul olmaq, məncə, dövlətə qarşı xəyanətdir. Bunların başqa dərdi yoxdur? Burada stəkanda tufan yaratmaq cəhdi görürəm. Əslində, bunun haradan qaynaqlandığını bilirəm. Amma belə bir həssas vəziyyətdə bu cür fəaliyyətlə məşğul olmaq, düşünürəm ki, açıq şəkildə təxribatdır. Bunlar bulanıq suda balıq tutmağa çalışırlar. Bunun nəyini şərh edək?!
Həmid hansı əsaslarla İran və SEPAH-la iş birliyinə keçə bilər? Həmidin həyatı Azərbaycanda keçib, ailəsi buradadır, onun ailə tarixçəsi var. Həmid Herisçinin atası, bütün qohumları milli ideyanın qurbanları olub, ailə böyük itkilər verib. İndi hansı zərurətdən Həmid deyilən mövqeyə keçməlidir?! Bu, absurddur!
– Ortada görünür, gizli qalan məqamlar var…
– İrana açıq şəkildə işləyən qüvvələr var. Onlarla heç kim məşğul olmur, indi bilərəkdən hədəfi dəyişmək istəyirlər. Yəni oxları Həmidə tərəf yönəltməyə çalışırlar. Fikrimcə, bizim aidiyyəti qurumlar bununla ciddi maraqlanmalı, araşdırmalıdır ki, kim bu işdə maraqlıdır və nə üçün belə iş görür.
– İrandan Azərbaycana bir neçə ölkənin vətəndaşları təxliyə olunurlar. Öz vətəndaşlarımız da gətirilir. Həmid Herisçi təxliyə üçün müraciət edibmi? Artıq Tehrandakı səfirlik, Təbrizdəki konsulluq fəaliyyətlərini dayandırıb. İndən sonra Həmid bəyin ölkəyə dönüşü çətinləşə bilər?
– Axırıncı dəfə danışanda dedi ki, "Mənim peşəm jurnalistikadır, mən yazıçıyam, hadisələrin qaynarında olmalıyam və bu hadisələrin salnaməsini yazıram. Öz qeydlərimi aparıram, müşahidələrimi edirəm. Bu, mənim üçün bir fürsətdir ki, yaradıcılığımda bu mövzunu işıqlandırım".
Yəni bir yazıçı üçün bu, çox ciddi arqumentdir. Vaxtilə Mirzə Ələkbər Sabir də Səttarxan hərəkatının salnaməsini yazıb. Peşəsinə sadiq bir insan bu cür vəziyyətdə qaçıb gizlənməməlidir. Mən buna haqq qazandırıram, baxmayaraq ki, çox böyük təlaş içindəyəm. Çünki müharibənin içindədir adam. Həmid əlaqə yaratmaq üçün İran ərazisindəki Culfaya gəlir, orada Azərbaycan internetinə qoşulur. Mən ondan xahiş etdim ki, qayıtsın. O isə dedi: "Sən istəyirsən ki, mən təqaüdçü kimi evdə həyatımı başa vurum? Mən faydalı olmaq, buradan xəbərlər vermək, yazmaq istəyirəm".
Mən ona dedim ki, xəbərlərini burada düşməncəsinə yozurlar. Çünki onun Güney Azərbaycanla bağlı yeni düşmənləri var. Bu adamlar əslində, ön cəbhədə olmalı idilər, amma burada qarayaxma kampaniyası aparırlar. Onların vəzifəsi Güney Azərbaycanda vətənin dar günündə orda olmaq idi.
Həmid deyir ki, mən burda özümü lazımlı bilirəm, insanlarla görüşürəm, onların həyəcanını paylaşıram, özüm də həyəcanlıyam. Çünki dostlarım, qohumlarım burdadır, burası mənim vətənimdir. Ona görə mən burda olmalıyam. İndi bilmirəm, Həmid qayıdarkən problem ola bilərmi, olmazmı sərhəddə.
Həmidin vətənpərvərliyi və fədakarlığı xalq tərəfindən yüksək qiymətləndirilməlidir. Amma bədxahların, qarayaxma kampaniyasının Həmidə heç bir dəxli yoxdur. Onların dediklərinin heç birində həqiqət yoxdur, yalnız şər və böhtan var. Mən isə hesab edirəm ki, elin gözü tərəzidir və hər halda haqq öz yerini tapacaq.