Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının kəsilməsi üçün minimum çəki və yaş hədləri müəyyənləşdirilir.
Bununla bağlı qanun layihəsi artıq parlamentə təqdim edilib. Bu günlərdə "Aqrar sahə haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsində dinləmə formatında müzakirə olunub.
Layihəyə əsasən, müəyyən çəkiyə çatmamış kənd təsərrüfatı heyvanlarının kəsilməsinə yol verilməməlidir. Heyvanların növləri və cinsləri üzrə kəsim üçün yol verilən minimum çəki və yaş hədlərini səlahiyyətli orqan müəyyən edəcək.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirmişdi ki, son dövrlərdə respublikada qaramalın 6-9 aylıq, qoyunların isə 3-5 aylıq yaşda kəsiminin aparılması ənənəvi hal alıb. Bu da hər iki növə aid heyvanların məhsuldarlıq potensialı tam istifadə edilmədən təsərrüfatdan çıxarılması, yekunda isə məhsuldar heyvanların ümumi sayının azalması və istehsalın aşağı düşməsi ilə nəticələnir.
Mənbə: bizim.mediа