Son günlər azərbaycanlı gənc öz səyahətləri ilə dünya mediasının diqqətini çəkib. Sizinlə tanış edəcəyimiz gənc 2021-ci il Türkiyədəki meşə yanğınları bağlı ərazidə olub. Eyni zamanda 2023-cü ildə baş verən dəhşətli zəlzələ vaxtı da Bakıdan birbaşa Hatay və Kahramanmaraşa, hadisə bölgəsinə yollanıb.
Orada könüllü olaraq çalışan həmvətənlimiz insanların rəğbətini qazanıb.
İnsanoid.com beynəlxalq təlimçi, şəxsi inkişaf, ünsiyyət və satışdan uzun illərdir tədris proqramları hazırlayan, minimum büdcə ilə 40-dan çox ölkəyə səfər edən Ağa Mehdiyev ilə müsahibəni təqdim edir:

– Sözügedən səfərə çıxmaq nə zaman ağlınıza gəldi və hansı tarixdə yola düşdünüz?
– Ümumiyyətlə, qeyd etmək istərdim ki, bu səfərimə qədər 40 ölkə, 300 dən çox şəhərə işgüzar, araşdırmalarımdan irəli gələn səyahətlərim olub. Bundan əvvəl də Finlandiya, İsveç, Norveçə dəfələrlə səfər etmişəm. 2020-ci ilin fevralında Estoniyadan – İspaniyaya qədər olan velosiped səfərimi tamamladıqdan sonra ilk dəfə, məhz o vaxt Finlandiya, İsveç, Norveç, Danimarkaya velosiped səfəri barədə düşünmüşdüm.
Sadəcə müxtəlif səbəblərdən – İkinci Qarabağ Müharibəsində iştirakım, ölkəmizdə davam edən pandemiya və bir sıra digər amillər bu səyahətimin reallaşmasına maneə olurdu. Nəhayət ki, mən bu arzumu reallaşdırdım.
“Ekoloji sülh” şüarı ilə start verdiyim yürüş 20 sentyabr tarixində Helsinkidən başladı. Finlandiyaya qədər sadiq eston dostum Jangildə qalırdım. Dostum və nənəsilə 25 dollara köhnə bir velosiped aldıq. Bu ailənin üzərimdə çox böyük haqqı var.

– Bu səfər çərçivəsində sizi narahat edən əsas məqamlar hansılar idi? Ölkə daxilində uzun bir səfəriniz olmuşdu, amma bu, ölkə hüdudlarından kənara idi.
– Mən 2017-ci ildən səyahət edirəm. Bu illər əzində ən böyük hədəflərimdən biri gənclərdə səyahət barədə doğru təsəvvür yaratmaq olub. Düşünürəm ki, səyahət hər şeydən əvvəl akademik bir prosesdir. İnsan doğru təsəvvür, səhayət vasitəsi ilə bir çox sahələr barədə geniş nəzəri-praktiki bilgilərə yiyələnə bilər.
Bu səfərdə ən çox hər hansı heyvan hücumuna məruz qalmamağa çalışıram. Getdiyim yerlərdə yaşlı insanlar mənə ehtiyatlı olmağı tövsiyə edirlər. Bəzən yaşlı insanlar mənə deyirləe ki, canavarlar insanların çox olduğu yerlərə də gəlir, buna görə də ehtiyatlı olmaqda fayda var.
İnsanlar 100 % deyə bilməz ki, hər hansı vəhşi heyvan insana hücum etməyəcək. Bəzən meşələrdə gecələdiyim günlər də olub.
İnsanın insana heç bir səbəb olmadan hücüm etdiyi dünyada, belə yerlərdə heyvan hücümu təbiidir.
– Bu səfəriniz cəmiyyətə hansı mesajı verir?

– Əksər səfərlərimdə olduğu kimi, bu səfərimin də arxa planında bir fikir, ideya var. Skandinaviya səfərimdə əsas məqsəd formalaşmaqda olan gənclərə diqqət ayırmaqdır.
Bir başqa hədəf sülh mesajı ilə bağlıdır. Fikrimcə biz insanları hər şeydən öncə birləşdirən ən ali dəyər məhz insanlığımız, yaradılışımızdır. Digərlərinə münasibətdə arı kimi olmaq lazımdır. Arı müxtəlif yerlərə uçaraq ən gözəl çiçəklərdən nektar yığır. Gəlin, insanlarda daha çox gözəllikləri görək, səhvlərinə isə yardım olaq.
Bütün insanlığın ən həssas məsələlərindən biri uşaq ölümləridir. Hazırda müharibə və konfliktlərdən xüsusilə uşaqlar çox böyük zərər görür. Uşaqlar öldürülür. Harada, kimin etməsindən asılı olmayaraq bütün ruhumla belə zülmlərə, cinayətlərə qarşıyam.
Bu il ölkəmizdə keçiriləcək COP-29 tədbiri dünyaya çox önəmli mesajdır. O mənada mənim çatdırmaq istədiyim mesajlardan biri də ekoloji problemlərsir. Ekologiyanın önəmi yalnız tərəvəzlərin becərilməsi üçün lazım deyil. Təbiət şəxsiyyətlər formalaşdıran, bəşəriyyətin gələcəyinin zəmanəti olan ali bir prosesdir.
– Bildiyim qədər cəmi 200 manat büdcə ilə yola çıxmısınız. Bəs yol xərci və qida ehtiyacınız nə ilə ödəyirdiniz?

– Büdcə məsələsinə gəldikdə isə Finlandiya, İsveç, Norveçdə qidalanma və gecələmək üçün öz cibimdən maksimum 200 azn xərcləyə bilərəm. Özüm belə müəyyən etdim.
Bu, o qədər az məbləğdir ki, buna görə adətən ac qaldığım günlər də olub. Sonuncu dəfə bir gün əvvəl qidalanma üçün 5 azn vəsait xərcləmişəm. Tam səmimi deyirəm, öz halımdan çox məmnunam. Belə proseslərdə bütün ictimai tərəflərlə yanaşı, insan müxtəlif mövzularda özünün tərbiyəsi ilə də məşğul ola bilir.
– Yolboyu harada gecələyirdiniz?

– Bunu da qeyd etmək istərdim ki, Finlandiyada insanlar mənə qarşı çox mehriban davrandılar. İki ailənin evində gecələdim. Səhər yol üçün mənə meyvə və şirniyyat qoymuşdular. Cənab Kari, ailəsi, Lasse və anası Sami, xanım Hikka hər birinə qonaqpərvərliklərinə görə minnətdaram.
– Başınıza gələn maraqlı hadisələr olub?
– Səfər çərçivəsində meşədə gecələdiyim günlər olurdu. Meşədə qalarkən qəribə səslər gəlirdi, hava qaraldıqca şaxta, soyuq artırdı. Bəzən, sanki qorxu filmlərində olduğu kimi taxta qapını kimsə vururmuş kimi hiss edirdim. Nə baş verdiyini bilmirdim, amma xoş deyildi. Bu, mənə görə yeni təcrübə və maraqlı hadisə kimi yadda qalıb.
– Səfər nə zaman başa çatacaq və ölkəyə hansı yolla qayıtmağı düşünürsünüz? Həmvətənlərimizə rast gəldinizmi?

– Hazırda Stokholma yaxınam. İlk azərbaycanlı Zaman bəy ilə qarşılaşmışam, bu gün alınsa, Rauf bəylə də görüşməliyəm.
Hazırda sağ ayağımda daxili zədə var. Hərdən sızıldayır və ağrıyır. Bu əsasən velosiped sürəndə narahatlıq yaradır. Ağır yükü kürəyimdə çox daşıdığım üçün velosiped bu səfər üçün o qədər uyğun deyil.
Cümə günü Allahın köməyi ilə yenidən yoluma davam etmək fikrindəyəm. İsveçdən Norveç istiqamətində, Osloya tərəf yollanmaq fikrim var. Vətənə qayıtmaq barədə dəqiq tarix hələ bəlli deyil.
[video width="848" height="480" mp4="https://bakuplus.az/storage/photos/2024/09/img_4468.mp4"][/video]