"Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, "Instagram", "TikTok" və xüsusilə "Telegram"da saxta hesablar vasitəsilə ödəniş müqabilində hər hansı imtahan balının artırılması ilə bağlı qeyri-real çağırışlar edilir və dələduzluq yolu ilə vətəndaşların aldadılmasına cəhd olunur".
Bu barədə Bakuplus.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, həmin şəxslər səhifələrini cəlbedici etmək üçün çox vaxt DİM-in loqosu və adından istifadə edirlər: "Onlar hətta öz postlarının altında başqa saxta hesablar vasitəsilə guya kömək aldıqlarını yazmaqla digər vətəndaşlarda maraq oyatmağa çalışırlar: "Abituriyentlər və valideynlər diqqətli olmalı və sosial şəbəkələrdə bu tip "təhrikedici" təkliflərin dələduzluq əməli olduğunu bilməlidirlər. Unutmaq lazım deyil ki, belə çağırışlara qoşulmaq hər iki tərəf üçün hüquqi məsuliyyət yaradır".