Paytaxtın Xəzər rayonu, Albalı qəsəbəsində sakinlər antisanitar vəziyyətdən narazıdırlar. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Ərazidə zibil konteynerlərinin sayı yetərli olmadığından sakinlər tullantıları birbaşa əraziyə tullayırlar. Bu da antisanitar vəziyyət yaradıb və ərazi sahibsiz itlərin yuvasına çevrilib.
“Yayda üfunət iyindən dayanmaq olmur. Araba ilə gətirib tökürlər zibili. Nəzarət edən yoxdur”, - deyə sakinlər şikayət edirlər.
Buzovna Bələdiyyəsindən məsələ ilə bağlı bildiriblər ki, onlara şifahi və ya yazılı müraciət olunmayıb. Ancaq indi həmin əraziyə baxış keçiriləcək və əraziyə yeni tullantı konteynerləri quraşdırılacaq.