Rusiyanın Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqazda, Terek çayının sahilində yerləşən Muxtarov məscidi azərbaycanlı neft sənayeçisi və xeyriyyəçisi Murtuza Muxtarovun dəstəyi ilə inşa edilib.
Şəhərin müsəlman icması ibadət üçün məscid tikdirməyə başlasa da, vəsait çatışmazlığı ilə üzləşib. Kömək üçün müraciət etdikləri Muxtarov tikintinin əsas xərclərini öz üzərinə götürüb. Məscidə sərf olunan 80 min rublun 50 min rubldan çoxunu məhz o ödəyib.
Muxtarovun bu şəhərlə ailə bağlılığı da olub: həyat yoldaşı, osetin əsilli Liza Tuqanovanın ailəsi Vladiqafqazda yaşayıb. Məscidin inşası onun həyat yoldaşına sevgisi və tanış olduqları şəhərə hədiyyəsi kimi də xatırlanır.
Memar İosif Ploşkonun layihəsi əsasında tikilən məscid 1908-ci il oktyabrın 14-də açılıb. Yerli müsəlmanlar xeyriyyəçiyə minnətdarlıq əlaməti olaraq ibadətgahı onun adı ilə adlandırıblar.
Qeyd edək ki, 1855-ci ildə Bakının Əmircan kəndində doğulan Murtuza Muxtarov sadə fəhləlikdən milyonçu neft sənayeçisinə qədər yüksəlib. O, qazancını təhsil, xeyriyyəçilik və memarlıq layihələrinə yönəldən mesenatlardan olub. Bakıda "Səadət sarayı" kimi tanınan bina da onun yadigarıdır.