Azərbaycanda uşağın anadan olmasına görə ödənilən birdəfəlik müavinətin məbləğinin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 4-də keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, gələn il uşağın doğulmasına görə ödənilən müavinətin 600 manatdan 1500 manata çatdırılması təklif olunur. Bu, 900 manat və ya 150 faiz artım deməkdir.
Müavinətin artırılması ilə bağlı təklif ölkədə demoqrafik göstəricilərin də diqqət mərkəzində olduğu bir dövrə təsadüf edir. Belə ki, son illərdə Azərbaycanda doğulan uşaqların sayında azalma müşahidə olunur.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2021-ci ildə ölkədə 112 284, 2022-ci ildə 122 846, 2023-cü ildə 112 620, 2024-cü ildə 102 310, 2025-ci ildə isə 95 875 uşaq dünyaya gəlib. Göründüyü kimi, 2022-ci ildə qeydə alınan artımdan sonra doğum sayında ardıcıl azalma müşahidə olunur. Belə ki, 2025-ci ildə dünyaya gələn uşaqların sayı 2022-ci illə müqayisədə 26 971 nəfər və ya təxminən 22 faiz az olub.
Bununla belə, son ilin göstəricilərində azalmanın illik tempinin zəiflədiyi də görünür. Belə ki, 2024-cü ildə doğulan uşaqların sayı əvvəlki illə müqayisədə 9,2 faiz azaldığı halda, 2025-ci ildə bu azalma 6,3 faiz təşkil edib.
Hər 1000 nəfərə düşən doğum göstəricisi də eyni tendensiyanı əks etdirir. Belə ki, bu göstərici 2021-ci ildə 11,2, 2022-ci ildə 12,2, 2023-cü ildə 11,1, 2024-cü ildə 10,0, 2025-ci ildə isə 9,4 olub. Başqa sözlə, doğum səviyyəsindəki azalma təkcə ümumi sayda deyil, əhalinin hər 1000 nəfərinə düşən göstəricidə də özünü göstərir.
Bəs doğum sayının azalmasının səbəbləri nələrdir? Müavinətin artırılması bu tendensiyanın dəyişməsinə təsir göstərə bilərmi? Demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün daha hansı sosial və iqtisadi tədbirlərə ehtiyac var?
Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə, uşağın doğulmasına görə müavinətin artırılması ölkədə müşahidə olunan demoqrafik ləngimə fonunda təqdirəlayiq addımdır:
"Bu cür maliyyə dəstəyi doğumun stimullaşdırılması baxımından müəyyən əhəmiyyət daşıyır. Bununla yanaşı, demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün əlavə təşviq mexanizmlərinin tətbiqinə də ehtiyac var".
Ekspert təklif edir ki, uşaqlar dünyaya gəldikdə onların hər birinin adına xüsusi hesab açılsın:
"Həmin hesaba, məsələn, 100-200 manat məbləğində vəsait köçürülsün. Bu vəsait depozit və ya qiymətli kağızlar bazarı vasitəsilə artırıla, uşaq yetkinlik yaşına çatdıqda isə onun gələcək ehtiyacları üçün istifadə oluna bilər".
Üzeyir Şəfiyev bu yanaşmanı ABŞ-də 2026-2028-ci illəri əhatə edən və uşaqlar üçün maliyyə hesablarının yaradılmasını nəzərdə tutan təşəbbüslə müqayisə edir.
O, həmçinin uşaqlara görə sosial müavinətlərin bərpasını və ailələrin sosial vəziyyətinə uyğun diferensial ödəniş mexanizminin tətbiqini məqsədəuyğun sayır:
"Birdəfəlik müavinətin artırılması ilə yanaşı, bu kimi uzunmüddətli sosial dəstək tədbirləri də həyata keçirilsə, ölkədə təbii artımın ləngiməsinin qarşısının alınmasına töhfə vermək mümkün olar".
İqtisadçı Eldəniz Əmirov isə hesab edir ki, doğumun stimullaşdırılması üçün birdəfəlik ödənişlərlə yanaşı, aylıq sosial dəstək mexanizmlərinin də gücləndirilməsi vacibdir:
"Uşağın doğulmasına görə birdəfəlik müavinətin 600 manatdan 1500 manata çatdırılması müsbət addımdır. Lakin bu artımın doğum sayındakı azalmanın tam qarşısını alacağını düşünmürəm. 2024-cü ildə ölkədə 102 310, 2025-ci ildə isə 95 875 uşaq dünyaya gəlib. Bu da azalma tendensiyasının davam etdiyini göstərir.
1500 manatlıq müavinət uşağın doğulması ilə bağlı ilkin xərclərin müəyyən hissəsini qarşılaya bilər. Ancaq uşağın böyüdülməsi uzunmüddətli maliyyə təminatı tələb edir. Buna görə də doğumun stimullaşdırılması üçün birdəfəlik ödənişlərlə yanaşı, aylıq sosial dəstək mexanizmlərinin də gücləndirilməsi vacibdir".
İqtisadçı vurğulayır ki, doğum sayının azalmasını yalnız maddi amillərlə əlaqələndirmək düzgün deyil:
"Cəmiyyətin inkişafı, insanların həyat tərzinin və ailəyə münasibətinin dəyişməsi də bu prosesə təsir göstərir. Belə ki, maddi imkanları yüksək olan ailələrdə də uşaq sahibi olmaq istəyi əvvəlki səviyyədə olmaya bilər. Bəzi gənc ailələr şəxsi planlarına, karyeralarına və fərqli həyat tərzinə üstünlük verərək uşaq sahibi olmağı təxirə salır və ya bir uşaqla kifayətlənirlər.
1500 manatlıq müavinət bütün ailələrin qərarını dəyişməsə də, müəyyən qrup ailələr üçün müsbət stimul ola və doğum sayındakı azalmanın sürətini zəiflədə bilər".
Ekspert doğum səviyyəsinin gələcəkdə əmək bazarının formalaşması və pensiya sisteminin dayanıqlılığı baxımından da əhəmiyyət daşıdığını vurğulayır:
"Əhalinin yaş strukturunda dəyişikliklər, işləyənlərin və pensiyaçıların nisbətinin pozulması gələcəkdə sosial təminat sistemi üçün müəyyən risklər yarada bilər. Əmək qabiliyyətli əhalinin sayının azalması həm ixtisaslı kadr təminatına, həm də pensiya sisteminin maliyyələşməsinə təsir göstərə bilər.
Demoqrafik vəziyyətin yaxşılaşdırılması kompleks yanaşma tələb edir. Bunun üçün birdəfəlik və aylıq müavinətlərlə yanaşı, mənzil təminatı və aztəminatlı ailələrə sosial dəstək məsələləri də diqqətdə saxlanılmalıdır".
Nəzrin Vahid