Bakıda orta məktəbdə sinif yoldaşının üzərinə tezalışan maddə tökərək onu yandırmaqda təqsirləndirilən 2010-cu il təvəllüdlü T.Təhməzov barəsində başlanılmış cinayət işi üzrə ittiham ağırlaşdırılıb.
Faktla bağlı əvvəlcə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılsa da, sonradan ittiham Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib. Hazırda faktla bağlı cinayət işinin istintaqı davam etdirilir.
Xatırladaq ki, hadisə bu il aprelin 20-də Bakıda yerləşən 286 saylı orta məktəbin 9-cu siniflərindən birində dərs zamanı baş verib. Təhsil müəssisəsinin 9-cu sinif şagirdi T.Təhməzov sinif yoldaşı M.Vəliyevlə mübahisə edib. Mübahisədən sonra Təhməzov özü ilə gətirdiyi plastik qabdakı tezalışan maddəni (spirt – red.) Vəliyevin üzərinə tökərək ona od vurub.
Hadisə nəticəsində M.Vəliyev ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olduğundan o, Türkiyədəki klinikalardan birinə köçürülüb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən T.Təhməzov saxlanılıb və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
mənbə: oxu.аz