Həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirməkdə təqsirləndirilən Firuz Qasımovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən baxış iclası təqsirləndirilənin azyaşlı övladının ifadəsinin elan olunması ilə davam edib.
"Atam Binədə yerləşən "Südçülük sovxozu" deyilən ərazidə ev tutmuşdu. Biz evin çox şəraitsiz, yaşanacaq durumda olmadığını görüb orada qalmaqdan imtina etdik. Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq. Anamın öldürüldüyünü atamla əmimin telefon söhbətindən eşidib, şoka düşdüm. Əsə-əsə tez xalama zəng edib, atamın anamı öldürdüyünü ona xəbər verdim. Atam həmişə mənə deyirdi ki, sənin bilmədiyin çox şeylər var. Atam anamla onun qohumu arasında əlaqə olmasından şübhələnirdi, hətta bir dəfə onları telefonda danışarkən tutmuşdu. Atam qısqandığına görə anamı öldürüb".
Daha sonra iş üzrə əsas şahidlərdən olan N.M.-in məhkəməyə məcburi gətirilməsi barədə qərar verib.
Növbəti proses 30 noyabr saat 11:00-a təyin olunub.
Xatırladaq ki, hadisə 2026-cı il yanvarın 21-də Bakıda baş verib. Belə ki, 40 yaşlı Günel Tapdıq qızı Abbasova çalışdığı marketdən çıxıb bacısının evinə gedərkən əri, 1989-cu il təvəllüdlü Firuz Akif oğlu Qasımov onun qarşısını kəsib. Əvvəlcə Günelə boşanmaq üçün məhkəməyə ərizə verməsinə görə hədə-qorxu gəlib. Qadın isə boşanacağını deyib. Bundan hiddətlənən Firuz həyat yoldaşının sinəsinə 14 bıçaq zərbəsi vurub. Qadın hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, F.Qasımov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıq və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilərək məsuliyyətə cəlb olunub.
Mənbə: oxu.az