Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında siqaret qaçaqmalçılığı ilə bağlı ittiham olunan gömrük əməkdaşı Ənvər Tağıyev həbsdən azad edilərək ev dustaqlığına buraxılıb.
Qərar Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda hakim Azər Tağıyev tərəfindən qəbul edilib. Vəkil müvəkkilinin istintaqdan yayınma ehtimalının olmadığını əsas gətirərək onun ev dustaqlığına buraxılmasını istəyib.
Qeyd edək ki, Ənvər Tağıyev qaçaqmalçılıq hadisəsindən sonra ölkədən qaçıb və bir il beynəlxalq axtarışda olub. O, bir ay əvvəl Ukraynada saxlanılaraq Azərbaycana ekstradisiya edilib.
İttihama görə, Tağıyev və digər şəxslər aksiz markası olmayan tütün məmulatlarının "Bayandur" gəmisi ilə Hövsan limanından ölkəyə qanunsuz gətirilməsinə şərait yaradıblar.
Tağıyev isə ittihamları qəbul etmir. O, gəminin yükündən xəbərsiz olduğunu, limandakı təhlükəsizlik boşluqları barədə dəfələrlə rəhbərliyə məlumat verdiyini bildirib.
Xatırladaq ki, 5 milyonluq siqaret qaçaqmalçılığı işi üzrə gömrük əməkdaşları, hərbçilər və vəzifəli şəxslər də daxil olmaqla onlarla şəxs cinayət məsuliyyətinə cəlb edilib. Hazırda iş üzrə heç bir hökm çıxarılmayıb.
Mənbə: qafqazinfo