Xalq artisti, tarzən Möhlət Müslümov indiki müğənniləri əzbər ifaçılıqda və bir-birinə bənzəməkdə tənqid edib.
Sənətkar açıqlamasında əvvəlki dövrlərdə müğənnilərin fərqli ifa tərzləri olduğunu, bir toyda bir neçə xanəndənin eyni muğamı belə özünəməxsus şəkildə oxuduğunu bildirib.
O qeyd edib ki, indiki müğənnilər canlı ifa üçün mütləq öz musiqiçi dəstələrinin olmasını tələb edirlər. Müslümov bunun səbəbini əzbərçiliyin geniş yayılması ilə əlaqələndirib.
"İndikilər elə bil, inkubator cücələri kimi eyni atadan, eyni anadan əmələ gəliblər. Əvvəl radioda səsindən müğənnini, tar ifasından musiqiçini tanıyırdıq. İndi nə müğənnini tanıyıram, nə də musiqiçini", – deyə Xalq artisti bildirib.
Sənətkar muğam ifaçılığında da əzbərçiliyin artdığını vurğulayaraq, sənətdə insanın daim öyrənməli olduğunu qeyd edib.
Mənbə: moderator.az