Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət alan vəzifəli şəxslər barəsində istintaq olunan cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Bakuplus.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı həmin Xidmətdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
İstintaq və əməliyyat-axtarış tədbirləri ilə həmin Xidmətin Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsinin rəis müavini Əhmədov Eldəniz Yunis oğlu, baş idarənin Sahə təhkimçiliyi idarəsinin rəis müavini Mirzəyev Rüstəm Əbil oğlu və həmin idarənin 4-cü şöbəsinin rəisi Məmmədov Kənan Yadigar oğlunun 2026-cı ilin may ayında Bakı şəhərində yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən çoxsaylı sahibkarlardan vergi yoxlamasının keçirilməməsi, cərimə tətbiq edilməməsi və digər bu kimi məqsədlərlə ümumilikdə 200 min manat pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Eldəniz Əhmədov, Rüstəm Mirzəyev və Kənan Məmmədov Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdar rüşvət alma) maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.