"Az İntekst" MMC-nin direktoru Ruhəddin Cabbarov və işçiləri Sənan Quliyev və Telman Fətəliyevin barəsindəki qərardan verilən kassasiya şikayətinə Ali Məhkəmədə noyabrın 6-da baxılacaq.
Qeyd edək ki, təqsirləndirilən şəxslər vətəndaşları ev təmiri adı ilə aldadaraq pullarını ələ keçirməkdə ittiham olunurlar. Cinayət işi üzrə 28 nəfər zərərçəkmiş qismində tanınıb.
Zərərçəkənlərdən biri də Birinci Qarabağ müharibəsi qazisi, ehtiyatda olan baş leytenant Əli Nuriyevdir. O, 2021-ci ildə mənzilini təmir etdirmək üçün Ruhəddin Cabbarovla müqavilə bağlasa da, ödədiyi pulun qarşılığında iş görülməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Quliyev 7 il 9 ay 19 gün, Telman Fətəliyev 5 il 5 ay 20 gün, Ruhəddin Cabbarov isə 2 il 11 ay 25 gün müddətinə azadlıqdan məhrum edilib. Telman Fətəliyev və Ruhəddin Cabbarov məhkəmə zalında həbs olunublar. Dəymiş ziyanın ödənilməsi üçün hər üç təqsirləndiriləndən pul tutulması qərara alınıb.
mənbə: pravda.аz