Abşeron rayonunda 22 yaşlı oğlan taksi sürücüsünü döyərək ona xəsarət yetirib.
Hadisə Masazır qəsəbəsində baş verib.
Ağdam rayon sakini, 2004-cü il təvəllüdlü Ruslan taksi sürücüsünün atası ilə gediş haqqına görə mübahisə etdiyini görüb. Sürücünün atasına "Tez ol, ödə, düş. Əsəbimlə oynama" deməsindən sonra Ruslan avtomobildən düşərək onun baş və üz nahiyəsinə bir neçə yumruq zərbəsi endirib. Zərbələr nəticəsində sürücünün üst dodağı yarılıb.
Bundan sonra Ruslan və atası sürücü ilə mübahisəni davam etdiriblər. Taksi sürücüsü özünü qorumaq üçün avtomobildəki vintaçanı götürüb. Ruslan isə hadisə yerindən uzaqlaşan zaman avtomobilin arxa şüşəsinə daş ataraq onu sındırıb. Sürücü polisə müraciət edib.
Məhkəmədə Ruslan törətdiyi əməli etiraf edib. O, hadisə zamanı atası ilə sürücü arasında yaranan mübahisəyə görə əsəbiləşdiyini bildirib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Ruslan barəsində amnistiya aktı tətbiq edilib və cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.
mənbə: demokrat.аz