Azərbaycanda dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəbin illik təhsil haqqı da seçimə təsir edən əsas amillərdəndir.
Bəs 2026-2027-ci tədris ilində özəl məktəblərdə təhsil almaq neçəyə başa gəlir və qiymətlər ötən illə müqayisədə necə dəyişib?
Özəl məktəblərdə illik təhsil haqları məktəbdən, sinif səviyyəsindən və tədris proqramından asılı olaraq fərqlənir.
"Hədəf" Liseyində illik təhsil haqqı filial, tədris dili və proqramdan asılı olaraq 4 000 - 12 000 manat arasında dəyişir. Ötən il bu məbləğ 5 000 - 9 000 manat olub.
"LANDAU School"da ibtidai siniflər üzrə illik təhsil haqqı 9 200 manatdır. 5-7-ci siniflərdə 10 700, 8-9-cu siniflərdə 11 500 manat təşkil edir. 10-11-ci siniflərdə SAT proqramı üzrə 11 650, A-Level proqramı üzrə isə 14 400 manat ödənilməlidir. Ötən il qiymətlər 6 300 - 13 600 manat arasında dəyişib.
Xəzər Universiteti Dünya Məktəbində I-IV siniflər (PYP, ingilis bölməsi) üzrə təhsil haqqı 9 500, V-IX siniflər (MYP) üzrə 11 000 manatdır. X-XI siniflərdə IB Diplom Proqramı üzrə ödəniş məktəbin hazırkı şagirdləri üçün 12 000, digər məktəblərdən gələnlər üçün isə 14 000 manatdır.
Bakı Oxford Məktəbində məktəbəqədər hazırlıq 9 000, ibtidai siniflər 17 000-17 500, orta siniflər isə 18 000 - 19 000 manatdır. Yuxarı siniflərdə təhsil haqqı proqramdan asılı olaraq 17 500 - 22 700 manat arasında dəyişir. Məktəbəqədər hazırlıq və ibtidai siniflərə qəbul üçün 100 manat müraciət haqqı da nəzərdə tutulub. Ötən il yuxarı siniflərdə qiymətlər 17 500 - 20 500 manat olub.
Kaspi Liseyində illik təhsil haqları filial və bölmədən asılı olaraq 6 000 - 11 100 manat təşkil edir. Məbləğə dərsliklər, gündə üç dəfə qidalanma, bir ödənişsiz dərnək və məktəbli forması daxildir. Ötən il qiymətlər 8 350 - 9 450 manat arasında dəyişib.
Azərbaycan Britaniya Kollecində məktəbəqədər təhsil 11 000, I-VI siniflər 20 000, VII-XII siniflər 21 000, XIII sinif (A-Level) üzrə isə 22 000 manatdır.
Avropa Azərbaycan Məktəbində məktəbəqədər təhsil 9 000, I-IV siniflər 12 500, V-IX siniflər 14 500, X-XII siniflər isə 17 500 manatdır. Ötən tədris ilində qiymətlər 11 250 - 16 250 manat arasında dəyişib.
"SABIS SUN International School"da illik təhsil haqları sinifdən asılı olaraq 12 206 - 17 000 manat təşkil edir. Ötən il bu məbləğ 14 400 - 15 900 manat olub.
Bakı Modern Təhsil Kompleksində I-IV siniflər üzrə təhsil haqqı Azərbaycan bölməsində 13 000, ingilis bölməsində isə 18 000 manatdır. IX-XI siniflərdə ingilis bölməsi üzrə ödəniş 17 000 manat təşkil edir. Qiymətə gündə üç dəfə qidalanma, xarici dil, üzgüçülük, şahmat, gimnastika, rəqs və robototexnika dərnəkləri daxildir. Ötən il təhsil haqları 12 000 manatdan başlayıb.
Mənbə: Trend.аz