Yasamal rayonunda sakinlərin narazılığına baxmayaraq, parklanma yeri yaradılıb. Bu haqda bu gün, 22 dekabr tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Söhbət Əbdürrəhim bəy Haqverdiyev küçəsindən gedir. Belə ki, burada piyada səkisi daraldılaraq avtomobillər üçün parkinq zonası yaradılıb. Bu da piyadaların hərəkətində ciddi çətinliklər yaradır.
“Son 1-2 həftədir vəziyyət belədir. Maşınları da saxlayırlar, yolu keçmək olmur. Əvvəl yaxşı idi”, – deyə sakinlər şikayət edirlər.
Bildirilir ki, parkinq yerini yaxınlıqda yerləşən ofis binasının rəhbərliyi yaradıb.
Yasamal RİH-dən məsələ ilə bağlı bildirildi ki, ərazidə parklanma yerinin yaradılması üçün aidiyyəti qurumlar icazə verib.
Sözügedən problem cari ilin iyul ayında da yaranmışdı. Həmin vaxt da rayon İcra Hakimiyyəti icazələrin verildiyini bildirsə də, digər qurumlar parkinq yaradılmasının qarşısını almışdı.