Paytaxtın Nəsimi rayonunda səki avtomobil dayanacağına çevrilib. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az ATV Xəbər-ə istinadən məlumat verir.
Ruhulla Axundov küçəsində piyadalar təhlükəsiz hərəkət etmək imkanından məhrum olur və hər gün avtomobillərin təkərləri altına düşmə riski ilə üzləşirlər. Belə ki, burada tikinti işləri aparan MTK piyada səkisinin bir hissəsini, avtomobillər isə həmin səkinin digər hissəsini zəbt edib.
Bununla yanaşı, ərazidə olan irigövdəli ağaclar da hasarlandığından baxımsızlıqdan qurumağa başlayıb.
Məsələ ilə bağlı Mənzil Tikinti Kooperativinin (MTK) bu ərazidəki binasının nümayəndəsi İlham Hacıyev qeyd edib ki, bu ərazidə heç vaxt piyada səkisi olmayıb, hələ üstəlik piyadalar üçün səki yaradılıb. Lakin o, səkinin harada yaradıldığını göstərə bilməyib.
Təqdim olunan videogörüntülərdən aydın görünür ki, bu ərazidə əvvəllər piyada səkisi olub və hazırda orada maşınlar park olunub.