Paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində sakinlər daş karxanasından şikayət edirlər. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Sakinlərin sözlərinə görə, artıq onlar tozdan həyətə belə çıxa bilmirlər. Daş karxanasından qalxan toz evlərə dolur. Dəfələrlə şikayət etsələr belə, heç kim məsələyə baxmır.
“Bu tozun içində necə yaşayaq? Öz həyətimizdə bir-birimizi görmürük. Pəncərəni belə aça bilmirik. Ev hamısı toz olur”, - deyə sakinlər şikayət edirlər.
Onlar bildirirlər ki, karxanada sudan heç istifadə etmirlər. Biraz su çiləsələr, bu qədər toz çıxmaz.
Karxananın sahibi isə məsələ ilə bağlı bildirib ki, su çilənir, ancaq tozun qarşısını tam almaq mümkün deyil.
Ekologiya Nazirliyi isə bir neçə gün öncə ərazidə yoxlama aparıldığını və yaxın zamanda məsələyə aydınlıq gətirəcəklərini bildiriblər.