Bakının Yasamal rayonunda küçələrin birində kanalizasiya xəttində problemlər yaranıb. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az AzTV-yə istinadən məlumat verir.
Adıçəkilən rayonda yerləşən Məhəmməd Xiyabani, 148b ünvanında kanalizasiya xəttinin tez-tez tutulduğu bildirilir. Əsas məqamlardan biri isə ərazini bürüyən qoxudur. Sakinlərin sözlərinə görə, ərazidə mövcud vəziyyət illərdir davam edir.
Küçədə yaşayan sakinlər tərəfindən lentə alınan kadrlarda suyun qırmızı rəngdə olması diqqət çəkir. Sakinlərin sözlərinə görə, yuxarıda heyvan kəsimi ilə məşğul olan şəxslər tövlədə təmizlik edəndən sonra bunların hamısı kanalizasiya xətti ilə gəlib döngədə yığılır.
Kanalizasiya xəttinin yararsız vəziyyətdə olması səbəbindən çirkab sular daşaraq 100 metrə qədər axır. Lakin orada yığılan qanlı ət parçaları, qoxuya toplaşan milçəklər vəziyyəti gərginləşdirir.
Yasamal rayonu Sukanal İdarəsinin baş mühəndisi Əfsər Rzayev məsələ ilə bağlı fikrini bildirib: “Bu kanalizasiyanın tutulmasında sakinlərin xəttə bərk məişət tullantılarının atılması səbəbdir. Ərazidə yerləşən qeyri-yaşayış obyektlərinin sahiblərinə bərk məişət tullantıları ilə bağlı dəfələrlə xəbərdarlıq olunub”.
Rzayevin sözlərinə görə, idarənin əməkdaşları xətti təmizləyəndən sonra orada nasazlıqlar aradan qaldırılacaq.