Bakıda dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 21 sentyabr tarixində xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Fərdanə Səmədova 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
F.Səmədova "Hollywood Smile Dent" klinikasının təsisçisi və direktoru Şəfayət Zülfüqarovaya özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək dələduzluq edib.
Təqsirləndirilən şəxs 2021-ci ildə klinika lisenziyasız fəaliyyət göstərdiyinə görə, müxtəlif cərimə və tənbehlər alan Ş.Zülfüqarovaya yardımçı olacağı vədini verib və ondan ümumilikdə 18 min manat pul alıb.
Daha sonra o, verdiyi vədə əməl etməyib.
Ş.Zülfüqarovanın şikayətindən sonra F.Səmədova barəsində “Dələduzluq” və “Rüşvət verməyə təhrik etmə” maddələri ilə ittiham irəli sürülüb.