Xalq artisti Yalçın Əfəndiyevin 85 illiyi münasibətilə xatirə gecəsi keçiriləcək. Bu haqda 21 iyul tarixində AZƏRTAC məlumat verib.
Tədbir iyulun 22-də Azərbaycan Dövlət Film Fondunda təşkil olunacaq.
Xatirə gecəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərgi nümayiş olunacaq və dolğun məlumat veriləcək. Həmçinin 1987-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş, Əfəndiyevin rejissoru olduğu “Yusif Məmmədəliyev” sənədli filmi nümayiş olunacaq.
Yalçın Əfəndiyev 24 iyul 1937-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. "Azərbaycanfilm" kinostudiyasında çəkilən ilk cizgi filmi də məhz Yalçın Əfəndiyevin adı ilə bağlıdır. Onun 1969-cu ildə çəkdiyi "Cırtdan" cizgi-applikasiya filmi Azərbaycan milli kinosunda bu sahənin bərpasından sonra cizgi filmlərinin əsasını qoyub.