Bakıda sürücülər tıxaclar, qəzalar və təmir işləri barədə əvvəlcədən məlumatlandırıla biləcəklər. Bu məqsədlə yol-nəqliyyat infrastrukturunun mövcud vəziyyətini təhlil etməyə imkan verən, naviqasiyaya əsaslanan mobil əlavənin hazırlanmasına başlanılıb. Bu haqda bu gün, 27 noyabr tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən məlumat verir.
Xəritə bütün yolları, zolaqları, yol nişanlarını və işıforları, körpü və tunelləri, ünvan məlumatlarını əks etdirmək, eləcə də onları asanlıqla yeniləmək imkanı yaratmaq üçün nəzərdə tutulub.
Layihə çəçivəsində Böyük Britaniya və Türkiyədən təcrübəli mütəxəssislərin cəlb olunması ilə Bakı şəhərində 6235 km ərazidə çəkilişlər aparılıb. Hazırlanan məlumatlar vətəndaşların istifadə edə biləcəyi mobil proqramda öz əksini tapacaq.
Gələcəkdə tətbiqdən istifadə edərək vətəndaşlar yollardakı vəziyyəti müşahidə kameraları vasitəsilə real vaxt rejimində izləyə biləcəklər. Ümumilikdə mobil tətbiqin növbəti il ərzində istifadəyə verilməsi planlaşdırılır.