“Memar Əcəmi” metro stansiyasında Fövqəladə Hallar Nazirliyi təlim keçirib. Bu haqda 22 iyun tarixində FHN-in mətbuat xidməti məlumat verib.
Əvvəlcə FHN-in “112” qaynar telefon xəttinə stansiyaya daxil olan qatarın 2-ci vaqonunda şərti qatı tüstülənmə və yanğın barədə “məlumat daxil olub”, hadisə yerinə qurumun əməkdaşları cəlb olunublar. Metropoliten əməkdaşları şərti hadisə ilə bağlı ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısaqapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib.
FHN-in mobil yanğın-xilasetmə qrupları kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparıb, şərti yanğını söndürüb, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişləri” təxliyə edərək, onlara “ilkin yardım” göstəriblər.
Təlimə FHN-in ümumilikdə 6 ədəd texnikası və 41 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.