Abşeron Rayon Məhkəməsində xuliqanlıq törətməkdə təqsirləndirilən Əbil Hacızadənin (ad və soyad şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
İttihama əsasən, Əbil Hacızadə 2025-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən kafedə müştərilərdən birinin özünü iranlı kimi təqdim etməsinə əsəbiləşib və onunla mübahisə edib. Əbil həmin şəxsin ünvanına nalayiq ifadələr işlədib.
Bu zaman digər masada müştəri kimi əyləşən zərərçəkmiş Bayram Nuriyev yaranmış mübahisəyə müdaxilə edib. Əbil onun ünvanına ucadan söyüş söyüb.
Mübahisənin davamında təqsirləndirilən şəxs üzərində gəzdirdiyi cib bıçağı ilə Bayrama hücum edib. Nəticədə zərərçəkmiş şəxsin əlinə xəsarətlər yetirib.
Hadisədən sonra Əbil Hacızadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmənin hökmü ilə o, 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, ad və soyadlar şərti verilib.