Bu gün, noyabrın 7-də dünyanın səkkizinci möcüzəsi adlandırılan Neft Daşlarında ilk quyudan neftin fontan vurmasının 77-ci ildönümüdür.
Bakuplus.az xəbər verir ki, 1949-cu il noyabrın 7-də Xəzər dənizində, 942 metr dərinlikdə qazılan quyudan neft fontan vurub. Bununla da Azərbaycan dünyada açıq dənizdə neft hasil edən ilk ölkə kimi tarixə düşüb.
Neft Daşlarının bünövrəsi 1947-ci ildə qoyulub. Abşeron yarımadasından 42 kilometr məsafədə yerləşən ərazidə sonrakı illərdə yaşayış və istehsal obyektləri, 300 kilometrdən çox estakada inşa edilib.
1951-ci ilin fevralında yataqdan neftlə dolu ilk tanker yola salınıb. Neft Daşlarında qazanılan təcrübə dünya dəniz neft sənayesinin inkişafına da böyük təkan verib.
Maraqlıdır ki, Neft Daşları Ginnesin Rekordlar Kitabına dünyanın ilk dəniz neft platforması kimi düşüb. 1999-cu ildə ekranlara çıxan Ceyms Bondun "Dünya kifayət deyil" filminin bəzi səhnələri də burada lentə alınıb.
Qeyd edək ki, 2017-ci il noyabrın 7-də Azərbaycanda 2 milyardıncı ton neft hasil olunub. Bu hadisə də Neft Daşlarında ilk quyudan neft çıxarıldığı günün ildönümünə təsadüf edib.