Bakuplus.az-ın suallarını yazıçı Aqşin Yenisey cavablandırır.
- Öz fikirlərini yazılarında, televiziya, yutub və sosial şəbəkə çıxışlarında səlis, dəqiq və məntiqli şəkildə izah edə bilən yazıçı niyə düşündüklərini yumşaq desək, kobud formada ifadə etmək ehtiyacı duyur? Nə baş verir ki, yazıçı çox aqressivləşir və cəmiyyət də eyni aqressiya ilə ona cavab verir?
- Bunun zehni tutulmanın içki israfından tutmuş gözləntilərin puç çıxmasına qədər müxtəlif səbəbləri var. Əvvəlki dövrlərdə sosial şəbəkələr yox idi deyə yazıçılar, rəssamlar, şairlər bu aqressiyanı kağıza yükləyirdilər. Hətta Füzulinin qəzəllərində də bu növdən aqressiyanı hiss etmək olur. Axundov, Cəlil, Sabir bu ictimai aqressiyanın möhtəşəm nümayəndələridir. İndi sosial şəbəkələr var deyə yaradıcı tiplər böyük səhvə yol verib sıraviləşirlər, hamının etdiyini edirlər, əlçatana cumurlar. Bir hekayəyə, bir şerə, hətta bir romana təkan verəcək aqressiv enerjini boş hədəflərə xərcləyirlər. Yaradıcılıq nədir? İstər tanrıdan gəlsin, istər "Big-Bang"dan, istərsə də şairdən; yığılmış, basdırılmış və aqressivləşmiş enerji. Bu enerji sənətin diliylə ifadə olunanda estetikləşir və əsər adını qazanır. Çox adam komediyanın mənşəyi ilə maraqlanmır. Komediya özünü yumor, ironiya, satira ilə ifadə edən ictimai aqressiyadır. Zehni tutulmanın səbəbi zehni aydınlanmadır. Zehni aydınlanma yaşamayan çoxluq zehni tutulma da yaşamır. İctimai aqressiyanı təhdid kimi anlayırlar. Don Kixotu sınıq nizəni götürüb, arıq Rosinantı minib qoyun sürülərinə hücum etdirən şeydir ictimai aqressiya.
- Yazdığı statusa görə üzr istəyən yazıçıları, şairləri qınayanlar da olur, alqışlayanlar da. Sən necə düşünürsən, sən hansı tərəfdəsən?
- Üzr istəmək, səhv etdiyini etiraf etməkdir. Səhvini etiraf edən adamı cəhənnəmdə saxlamaq doğru olmazdı. Amma yaxşı olar ki, bir söz adamı arxasında, dərisini soysalar da, dura biləcəyi sözləri yazsın. Bu cür hallar tək bizim yaradıcı tiplərə aid deyil. Rasselin "Elm və Din" kitabı var. "Kopernikin inqilabı" bölümündə Qaliley və inkvizisiya arasında gedən çəkişmədən yazır. Qaliley dəfələrlə inkvizisiyadan yerin fırlanması barədə yazdıqlarına görə üzr istəyir, sonra yenə bildiyini edir. Amma burada istənilən üzr iki min illik bir yalanın həqiqətlə əvəzlənməsinə görə istənilir. Yəni istənilən üzrün özü yox, onu istətdirən səbəbi vacibdir. Mənsur Həllacın bioqrafiyasını yazan Lui Massiqnon dar ağacına çəkiləcəyini öyrənən Həllacın adını dəyişərək orada-burada gizləndiyini qeyd edir. Yenə də Həllacın dar ağacından qorunmağının səbəbinə baxmaq lazımdır. Adam qarşısına islamı ərəblərin əlindən alıb farslaşdırmaq kimi bir məqsəd qoymuşdu. Biz Nəsiminin doğru-düzgün bioqrafiyasını araşdırmamışıq. Amma şeirlərindən görünür ki, şair sünni Mərvanilər tərəfindən öldürüləcəyini bildiyi gündən etibarən Əhli-beyitə qəzəllər yazıb. Sığınmağa bir güc axtarıb. Niyə? Çünki Nəsimi ilk dəfə Şərqdə Allahmərkəzli düşüncəni insanmərkəzli düşüncəylə əvəzləmək istəyirdi. Deməyim odur ki, şair və yazıçı hansı həqiqətə görə üzr istəyir, gizlənir, yalvarır - önəmli olan budur. Yoxsa, toyuq oğurla, söyüş söy, sonra da üzr istə. Bu, cüvəllağılıqdır. Bu, üzr istəyənin böyük mətləblərlə yaşamadığının ifşasıdır.
- Aqşin, sənə elə gəlmirmi ki, cəmiyyətdə alternativ fikrə hörmətsiz münasibət var?
- Bu, həmişə belə olub. Çoxluq bu gün də Sokratı ölümə məhkum edir, Sokratın yolunu gedənləri linç edərək. Axundovun, Cəlilin, Hacıbəyovun qisası bu gün onların xələflərindən alınır. Bunu unutmamalıyıq. Aydınlıq kimi qaranlığın da doğub-törəmək qüdrəti var. Atatürkün şapka inqilabının intiqamı bu gün Türkiyədə o inqilabın yetirmələrindən alınır. Nə olsun ki, dindarlar ona görə şapkaya qarşıydılar ki, şapkanın dimdiyi vardı və onunla namaz qılmaq çətin idi. Şapka əleyhidarları Atatürkün alternativliyinə ona görə qəzəb və nifrətlə yanaşırdılar ki, şapka alternativi onları tapındıqları Allah qarşısında gülməli vəziyyətə salırdı. Çünki şəriətə görə, müsəlman kişi və qadın Allaha səcdə edərkən başörtüyündə olmalıdır. Alın yerə dəyməlidir. Dimdikli kepka buna imkan vermirdi. Atatürk ideyalarına kütlənin hörmətsizliyinin səbəbi bu idi. Və çoxluq onun Türkiyə üçün qoyduğu canı bir şapkaya qurban verməyə hazır idi. Səlahəddin Xəlilin sözləriylə desəm, kütlə bildiyi həqiqətlərin ona deyilməsini istəyir. Məsələn, de ki, ana müqəddəsdir, olacaqsan kütlənin peyğəmbəri. Amma desən ki, çox əxlaqsız qadının yolu analıqdan keçir, olacaqsan, çirkin ördək balası. Eyni bicliklər kişilərə də aiddir. Oxucularımız elə bilməsin ki, qadın düşməniyəm. Biz patriarxal dəyərlər mühitində yaşadığımız üçün cəmiyyətin təlim-tərbiyə öhdəliyi kişilərin boynundadır. Qadınları həm daxilən, həm zahirən şəkilləndirən də kişilərdir. Nəsə, bu başqa sualın cavabıdır. Qayıdaq hörmətsiz münasibətə. Məsələn, mənə tez-tez irad bildirirlər ki, Allahdan yazma. Çünki mənim Allah anlayışım milyonların Allah anlayışı ilə eyni deyil. Onların Allahını nə vaxt axtarsan, məişətdə tapacaqsan. Kainatı başlı-başına buraxıb gəlib Məmmədəlinin oğlunu evləndirir. Mən belə bir Allahı mədh etsəm cəmiyyətin müqəddəsi olaram. Amma öz gözümdə sincaba çevrilərəm. Alternativlik yenilik gətirir. Yenilik isə risklərlə doludur. Ona görə cəmiyyət vərdiş etdiyi dəyərlərlə yaşamağı üstün tutur. O dəyərlərlə ki, uğrunda bütün qurbanlar verilib və indi cəmiyyətin maddi-mənəvi, psixoloji "komfort zona"sıdır.
- Sənətkarlardan biri demişdi ki, yazıçının inqilabi borcu yaxşı yazmaqdır. Bu fikri indiki dövrdə qiymətləndirsək, ortaya hansı nəticələr çıxar?
- Bu gün yaradıcı adam, hansı sənət sahibi olmasından asılı olmayaraq, bir sahibkardır. Yəni həm də alverçidir. Şərtlər belə diqtə edir. İşləri korlayan, o inqilabi borcu ödəməyə əngəl olan da budur. Sahibkar bazarın tələb-təklif qanunlarına əməl etməlidir ki, qazansın. Bu qanunu sənətə tətbiq edəndə, sənət əsəri olur zibil. Çünki bayaq dediyim kimi, çoxluq istəyir ki, onun həqiqətlərini yazasan. Sahibkarlıq müəllifi məcazi mənada deyil, mənəvi-estetik, fəlsəfi mənada "öldürür". Ona bəşəri ideyaları yasaqlayır, lokal söz-söhbətlərin mirzəliyini hökm edir. Belə bir mühitdə əsl müəlliflər yalnız mesenatların hesabına sağ qala və dediyin o inqilabi borcu ödəyə bilərlər. Əsərini bazar üçün yazan müəllif həqiqətlərinə güvənə bilməz. Ona görə də son dövrlər ortaya çıxan ciddi bədii nümunələr çox azdır və arxasında məhrumiyyətlər dayanıb. Xüsusilə sosial şəbəkə alqoritmlərindən asılı vəziyyətə düşmək bir müəllif üçün mənən ölümdür. Günümüzün müəlliflərinin çoxu mənən ölü müəlliflərdir, yumşaq desək, fiziki varlıqlardır. Təsəvvür edin, bazar min kitab oxumuş müəllifi heç bir kitab oxumamış adamların xidmətçisi kimi görür. Bu münasibətlər sistemindən böyük sənət yarana bilməz. Fransız filosofu Jülen Benda keçən əsrin əvvəllərində yazdığı "Aydınların xəyanəti" kitabında modernizm çağının filosoflarını, yazıçılarını ittiham edirdi ki, bəşəri ideyaları, milli, lokal maraqlara qurban verdiniz. Bu gün nəinki bəşəri, milli, lokal maraqları da zır kütləyə qurban verməyimiz tələb olunur, dəyəri "layk" olan müəlliflərin, əsərlərin küyündən qulaq tutulur. Hətta sənətə, fəlsəfə ciddi yazılarla gələnlər də bu küyə davam gətirə bilmirlər. Əvvəlki əsrlərdə müəlliflər dar ağaclarında, dueldə filanda ölürdü, indi onlar sosial şəbəkələrdə ölürlər, yoxa çıxırlar. Biz artıq nəhənglərlə deyil, cırtdanlarla mübarizə aparan müəlliflərik. Bu, məni öz gözümdə çox hörmətdən salır. Amma düşünürəm ki, nəyin bahasına olur-olsun ədəbiyyatın namını kütlənin puluna və sevgisinə qurban verməyəcəyəm. Bu, mənim bu vaxta qədər içdiyim yeganə anddır.
- Seymur Baycan son yazılarından birində qeyd edib ki, yazıçı Çingiz Abdullayevə lağ edənlər indi özləri gülməli vəziyyətə düşüblər. Çingiz Abdullayev indi Azərbaycan dilində onlardan yaxşı danışır. Seymur türk dilinin Azərbaycan dilinə ciddi təsirini, bizim yazıçıların türk dilindəki sözlərdən daha çox istifadə etməsini nəzərdə tutaraq bu iddianı irəli sürür. Sən necə düşünürsən?
- Türk dilindən dilimizə keçən sözlər çoxlarında qıcıq yaradır. Bu adamlara təklif edirəm ki, arxivə girib 1918-ci ildə nəşr olunan "Azərbaycan" qəzetinə baxsınlar. İndi bu qəzetin arxivini ADA universiteti latınca kitablar şəklində nəşr edir, oradan da araşdıra bilərlər. Bu qəzetin dili, yəni bədii-publisitik sələflərimizin yazıları doludur indi bəzilərində qıcıq yaradan sözlərlə. Azərbaycan dili anlayışı özü hələ oturuşmamış bir anlayışdır. Seymur Baycan və digərləri Azərbaycan dili dedikdə bolşeviklərin nəzarətində formalaşmış türk dilindən danışırlar. Bu dildən təkcə ərəb-fars sözləri yox, ortaq türk sözləri də qovuldu. Bu qovulma nəticəsində dilimiz nitqə çevrildi. Bu gün bizim dilimiz yoxdur, nitqimiz var. Məsələn, Seymur Baycanın bütün ədəbi külliyyatı nitqin yazıya köçürülməsidir. O külliyyatda dil yoxdur, nitq var. Bunu ona demək lazımdır. Bolşeviklər deyirdilər ki, əgər sizə nitq yox, dil lazımdırsa, o zaman rus dilini öyrənin, rus dilində yazın. Sovet sistemində bizim dilimiz Azərbaycan dili deyildi, Azərbaycan dili bizim nitqimiz idi. Dilimiz isə rus dili idi. Bütün elmi, fəlsəfi, texniki mətləblər rus dilinə tabe tutulmuşdu. Nitqlə fəlsəfə, elm, texnologiya yaratmaq olmaz, necə ki, yarada bilmirik. Nitqlə ancaq folklor yaratmaq mümkündür. Gördüyünüz kimi, folklorda problemimiz yoxdur. Çünki folklor nitq hadisəsidir. Yazılı mətn başqa anlayışdır. Biz mətn yazmırıq, yazıda danışırıq. Bu da dilimizin "təmizlənməsindən" sonra oldu. Bu gün Anadolu türkcəsində biz qəsdən söz almırıq, dil özü o sözləri alıb yaralarını sağaldır. Filoloji oriyentalizm sanskrit diliylə yunan, latın dillərindəki söz köklərinin eyniliyini görüb dil üzərindən sübut etdi ki, ari xalqı haqqında deyilənlər fərziyə deyil. Belə bir xalq həqiqət də olub. Biz də digər türkcələrdən aldığımız sözlərin kökünə baxsaq eyni mənanı görəcəyik. Demək istədiyim odur ki, dilimizə neobolşevik yanaşmalar onun ölümünü sürətləndirə bilər. Ömründə Ana dilində bir dənə tabeli, tabesiz mürəkkəb cümlə yaza bilməyənlər bunun fərqində deyillər. Çünki onlar hər şeyi nitqlə yola verə bilirlər.
- Bəzən adama elə gəlir ki, özünə yazıçı, şair deyənlərin əksəriyyəti Azərbaycan dilində yaza bilmirlər, dili ümumiyyətlə hiss etmirlər. Sən necə düşünürsən?
- Məncə, bu suala indicə cavab verdim. Amma istəyirsənsə, daha geniş izaha keçək. Mən dilin söz ehtiyatını onun anlayış ehtiyatına bağlayıram. Dilimizdə anlayış qıtlığı var və bunu da rus müstəmləkə siyasəti qəsdən edib ki, anlayışlarla işləmək üçün millət rus dilinə üz tutsun. Bir dilin zənginliyi mənsub olduğu millətin yaddaşıyla bağlıdır. Yaddaşımızda nə qədər elmi, fəlsəfi, tarixi, estetik anlayış varsa, dilimiz də o qədər zəngindir. Söz ehtiyatımız cavab axtardığımız sualların sayı qədərdir. Biz başqa dilə hazır cavablar üçün üz tuturuq. Başqa dil bizim sual vermək bacarığımızı yox edir. Söz ehtiyatı az olan dillər sualları az olan, yaxud suallarına başqa dillərdə cavab tapan millətlərin dilidir. Dilimizin zənginliyi və yoxsulluğu haqqında söz düşəndə dərhal filoloji elita ədəbiyyatı ön plana çıxarır. Bu dil Füzuli, Nəsimi, Seyid Əzim, Cəlil, Haqverdiyev və s. ədiblər yetişdiribsə, ona zaval yoxdur. Dilin potensialını yalnız ədəbiyyat müstəvisində dəyərləndirmək doğru deyil, müasir bir dil özünü fəlsəfi, elmi, texnoloji müstəvidə də doğrultmalıdır. Dilimiz fəlsəfi, elmi, texnoloji baxımdan da ədəbiyyatda sahib olduğu potensiala sahibdirmi? Dilimiz bu gün hansı fəlsəfi, elmi, texnoloji suallara cavab axtarır və bu suallara cavab vermək üçün özünün milli kisəsində nə qədər söz və anlayış var? Ümumiyyətlə, dilimiz bu gün özündə fəlsəfi, elmi, texnoloji məsuliyyəti hiss edirmi? Dilimizin zənginliyi və gələcəkdəki aqibəti bu suallara verəcəyimiz obyektiv cavabdan asılı olacaq.
Ağa Cəfərli