Daxili İşlər Nazirliyi Qala divarlarını yazan məktəblilərə xəbərdarlıq edib. Bu haqda 11 noyabr tarixində Report xəbər verib.
Noyabrın 7-i Səbail rayonu ərazisində məktəblilər P.Bayramlı, M.Məmmədli və D.Verstakov mağazadan müxtəlif boyalar almışdırlar. Daha sonra onlar, saat 16 radələrində İçərişəhərə daxil olmuş, Qala divarlarında şəkillər, qrafiklər çəkmiş, müxtəlif yazılar yazmışdırlar.
Hadisədən sonra hər üç şəxs valideynləri ilə birlikdə polis bölməsinə çağırılıb, onlarla profilaktiki söhbətlər aparılıb, xəbərdarlıq edilib, daha sonra sərbəst buraxılıblar.
Daxili İşlər Nazirliyi valideynlərə tövsiyə edir ki, övladlarına Azərbaycanın tarixi abidələrinə hörmətlə yanaşmalarını təbliğ etsinlər. Həmçinin qeyd olunur ki, şagirdlərin çəkdikləri şəkillərin mütəxəssislər tərəfindən divarlardan pozulması üçün tədbirlər görülür.