Yaxın günlərdə Bakı termometrlərində temperatur aşağı enəcək. Paytaxt sakinləri onlar üçün nadir olan qeyri-sabit havaya hazırdırlarmı? Bakuplus.az komandası şaxtada özünüzü və avtomobilinizi qorumaq, eləcə də qarlı havanın törədə biləcəyi fəsadlardan qaçmaq üçün sizlərə bir neçə məsləhət vermək istəyir.
Avtomobilinizi şaxtaya hazırlayın
Bir çox mənbələr havaya uyğun təkərlər almağı tövsiyə edir. Adətən qış təkərlərinə 5-7 dərəcə şaxta olanda ehtiyac yaranır. Bakı sakinləri belə temperaturla nadir hallarda qarşılaşırlar. Onlara qış təkərləri il ərzində ümumilikdə 1 həftə lazım ola bilər. Buna görə də təkər almaq, ən təhlükəsiz seçim olsa da, sərf etmir. Ən etibarlısı şaxtalı günlərdə avtomobildən imtina etməkdir. Əgər bu mümkün deyilsə, işinizi asanlaşdırmaq üçün sizə bir neçə kiçik sirr aça bilərik:
- Yağışlı və şaxtalı havalarda təkərin təzyiqini 10%-ə qədər artırmaq tövsiyə olunur. Təkərdəki təzyiq yüksək olarsa, qarlı yollarda sürtünmə daha yüksək olar;
- Sürüşkən yollarda qəfil “qaz”a basmaq məsləhət deyil. Əks halda təkərlər yerində fırlanaraq qar örtüyünün altındakı buzları üzə çıxarır;
- Hərəkətə başlayarkən təkərlərin fırlanma sürətini aşağı salmaq funksiyası varsa, onlardan istifadə edin. Belə ki, təkərlərin sürətlə fırlanması qarlı yolda avtomobilinizin batmasına, buzlu yolda isə idarəetməni itirmənizə səbəb ola bilər. Sürəti azaldarkən əyləcə də yavaş basmağı unutmayın;
- Əgər relyefli ərazilərdəsinizsə, zəncirsiz hərəkət etmək çətin olacaq. Zənciri yalnız “çəkən” təkərlərə taxmaq kifayətdir;
- Sürəti azaldın - yolda yavaş sürdüyünüzə əmin olun. Asfalt nə qədər yaş olarsa, idarəetməni itirmə ehtimalınız o qədər də yüksəkdir. Aşağı sürətdə siz avtomobilinizin sürüşməsinin qarşısını ala biləcəksiniz;
- “Protektor”un qalınlığı 4 mm-dən az olduqda, buzlu yollarda hərəkət etmək qəti qadağandır.
Piyadalar:
Piyadalara isə maili küçələrdən və mərmər səthlərdən çəkinmək tövsiyə olunur. Başınızı buz parçalarından qoruyun:
- Hərəkət edən zaman ayağınızı yerə tam basın, eyni zamanda dizlərini biraz boşlayın;
- Yaşlılara ucu rezin və ya iti olan çubuqlardan istifadə etmək tövsiyə olunur;
- Əllərinizi cibinizdə saxlamayın. Bu, sizə müvazinətinizi saxlamaqda çətinlik yaradacaq;
- Əgər yıxılmağınız qaçılmazdırsa, dərhal əyləşməyə çalışın. Belə halda siz yıxılan zaman yerə daha yaxın olacaqsınız və başınızı güclü zərbədən qoruya biləcəksiniz.
Son olaraq sizlərə şəhərimizdə olan relyefli əraziləri paylaşmaq istəyirik. Yerlər buzdursa, böyük ehtimal bu ərazilərdə xaos yaşanır və oralardan uzaq durmağınız məsləhətdir.
- Bayıl qəsəbəsi - Bakının ən relyefli yerlərindən biridir. Buraların iflic olacağı şübhəsizdir;
- Badamdar qəsəbəsi və “Bibiheybət” adlanan ərazi - buralarda hərəkət qismən dayanacaq, ərazinin bir hissəsi relyefli zonadadır;
- Dağüstü və Nərimanov parklarının ətrafı - bu ərazilərdə maili yollar çoxdur, təhlükəli ola bilər;
- Babək və Ziya Bünyadov prospektləri - körpülərdən çəkinin, avtomobiliniz oralarda ilişə bilər;
- Yeni Yasamal - hər dəfəsində qar yağanda buraların atraksiona çevrilməyindən hər birimizin xəbəri var;
- 9-cu mikrorayon və “3-cü mikrorayon” dairəsi - yolları buz bağlayan kimi sürücülər dairədə şou göstərməyi sevirlər. Avtomobilinizi lazımsız qəzalardan qoruyun. Mikrorayon isə hündürdə yerləşir. Oraya qalxmaq və düşmək çətin olacaq;
- “Yeni Günəşli” yaşayış massivi - Bakının ən relyefli ərazilərindən daha biri. Buraya gəlmək fikriniz var idisə, ertələyin;
- “Xəzər” yaşayış massivi - əsas yollarda rahat hərəkət etmək olar, ancaq ara küçələrə girmək intihara bərabərdir. Dar və maili yollara, böyük ehtimal, giriş belə bağlı olacaq;
- Xocəsən qəsəbəsinin yarısı - qəsəbənin bir hissəsi maili ərazidə yerləşir. Özünüz fikirləşin indi.
Bakıətrafı ərazilər elə də relyefli deyil, ancaq yollar onsuz da qənaətbəxş olmadığından qeyri-sabit havada necə olacağı lotereya kimi bir şeydir.