Bu gün Azərbaycanda Novruz bayramının ilk çərşənbəsi - su çərşənbəsi qeyd olunur. Bəzi mənbələrdə ona “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər.
Novruz inanclarının əsasında insana, təbiətə həyat verən dörd ünsürün - Suyun, Odun, Yelin (havanın), Torpağın isinməsi, “dirilməsi” durur. İlin Novruzdan əvvəlki dörd axır çərşənbəsi müqəddəs sayılır.
Su çərşənbəsi suyun dirilməsini göstərir. İlk tonqalın su çərşənbəsində yandırılması buzların əriməsinin, artıq qışın arxada qalmasının, su mənbələrinin hərəkətə gəlməsinin göstəricisidir.
İnamlara görə, su sağlamlığın, təmizliyin, paklığın rəmzidir. İlk çərşənbənin gəlişi ilə evlərdə təmizlik işləri aparılır. Xalqın inamına görə Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar.