Cari ilin avqust ayından Bakının bəzi küçələrində parkinq ödənişli olub. Küçə parkinqinə nəzərət isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) nəzdinə verilib və “AzParking'' mobil tətbiqi ilə idarə olunur. Sürücülərin sözlərinə görə, son vaxtlar tətbiqdə pulsuz “15 dəqiqə parklanma” xidməti görünmür. Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az Bizim.Media-ya istinadən məlumat verir.
Pulsuz 15 dəqiqəlik parkinqin əvəzinə yalnız “1 saat parklanma” tapılır. Bu isə sürücülər arasında narazılığa səbəb olub.
Məsələ ilə bağlı AYNA-nın mətbuat katibi Tural Orucov bildirib ki, bu, texniki yenilənmə ilə əlaqədardır. Müvəqqəti olaraq “15 dəqiqə parklanma” funksiyası “Parklanma müddəti” bölümünün “Digər” bölümünə keçirilib. Texniki yenilənmə bitəndən sonra bu funksiya əvvəlki yerinə qaytarılacaq.