Bakı avtobuslarının sürücüləri maaşlarından narazıdırlar. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az ARB-yə istinadən xəbər verir.
Sürücülərin sözlərinə görə, aylıq məvacibləri onları qane etmir. Müxtəlif mükafatlar alsalar da, bu məbləğ onlara kifayət etmir.
“İldə 3-4 dəfə mükafat verilir. 9 ilə yaxındır burada əmək müqaviləsi ilə işləyirəm. 5 gün iş günüdür, 2 gün istirahət. 8 saat işləyirik”, – deyə sürücü qeyd edib.
Ekspert Ərşad Hüseynovun sözlərinə görə, ictimai nəqliyyatda xidmət keyfiyyətinin artırılması üçün avtobus sürücülərinin əməkhaqlarının artırılması vacibdir.
Bakubus MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva məsələ ilə bağlı deyib ki, sürücülərin rifahi həmişə diqqət mərkəzindədir:
“Sürücülərin hazırda orta aylıq əməkhaqları 900-1000 AZN aralığındadır. Bununla yanaşı, işlərində göstərdikləri fərqlənməyə görə də onlara fərdi mükafatlar təqdim olunur”, – deyə o əlavə edib.