Milli İncəsənət Muzeyində Antik Roma incəsənəti ilə bağlı mühazirə keçiriləcək. Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az mədəniyyət ocağına istinadən xəbər verir.
“Uşaqlar üçün incəsənət tarixi” layihəsi çərçivəsində Antik Roma incəsənətinə həsr olunmuş tədbir keçiriləcək.
Balacalar burada əfsanəyə görə Romul və Rem qardaşları tərəfindən yaradılmış Roma Respublikasının tarixinə səyahət edəcəklər. Qədim dövrün nəhəng memarları olan romalıların dünya memarlığına bəxş etdikləri Kolizey amfiteatrı, “bütün tanrıların məbədi” Panteon, forumlar, zəfər tağları, eləcə də heykəltaraşlıq nümunələri haqqında maraqlı məlumatlara qulaq asacaq, mövzu ilə bağlı tematik ekskursiya keçəcəklər.
Bundan əlavə, rəssam Yan Stikonun “Vəhşi heyvanlar sirkdə” adlı tablosunu görmək imkanı yaradılacaq. Həmçinin balacalar ustad dərsində 2D formatında “Kolizey” aplikasiyası və qladiatorların döyüşçü dəbilqəsini hazırlayacaqlar.