Nizami Gəncəvi Adına Azərbaycan Ədəbiyyatı Muzeyində Nizami Gəncəvinin əsərlərinə həsr olunmuş miniatürlər əsasında 3D Mapping təqdimatı baş tutacaq. Bu barədə 11 oktyabr tarixində mədəniyyət naziri Anar Kərimov öz rəsmi twitter səhifəsində paylaşım edib.
14-17 oktyabr tarixində “Nizami İli”-lə əlaqədar Milli Ədəbiyyat Muzeyinin fəsadında və Qız Qalasının üzərində “Xəmsə”nin motivləri üzrə çəkilmiş miniatürlər canlandırılacaq. Festivalın əsas məqsədi xarici ölkələrin məşhur kitabxana, muzey və arxivlərində qorunub saxlanılan “Xəmsə” motivli miniatürlər vasitəsilə Nizami yaradıcılığını vizual təsvirlərdə əks etdirərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və bir sıra dövlət qurumlarının dəstəyi ilə həyata keçirilir.