5 oktyabr görkəmli Azərbaycan bəstəkarı, pedaqoq və professor Xəyyam Mirzəzadənin doğum günüdür. O, 1935-ci ildə Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfində bitirib. Elə həmin ildən konservatoriyada pedaqoji fəaliyyətə başlayıb, uzun illər gənc bəstəkarların yetişdirilməsinə töhfə verib.
Xəyyam Mirzəzadənin yaradıcılığı janr baxımından olduqca zəngindir. O, simfonik və kamera əsərləri, vokal və instrumental musiqilər, balet, estrada və caz nümunələri, eləcə də mahnılar bəstələyib. Bəstəkarın yaradıcılığında milli musiqi ənənələri ilə müasir bəstəkarlıq düşüncəsinin özünəməxsus şəkildə vəhdəti mühüm yer tutur.
Mirzəzadə Azərbaycan kinosuna da böyük töhfələr verib. "Arxadan vurulan zərbə", "Yeddi oğul istərəm...", "Bağ mövsümü", "Güllələnmə təxirə salınır!.." kimi filmlərə musiqi yazıb. Onun əsərləri Azərbaycanın hüdudlarından kənarda – Avropanın bir sıra ölkələrində də ifa olunub.
Sənətkar Azərbaycan müxtəlif mükafatlarına, fəxri təltiflərə layiq görülüb. O, 30 iyul 2018-ci ildə 82 yaşında vəfat edib.