Bu gün, 24 yanvar tarixində saat 10:00-dan 11:00-a kimi Rəşid Behbudov küçəsində sıxlıq müşahidə olunub. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən verilən məlumata görə, tıxac nasaz avtonəqliyyat vasitəsinin dayanması səbəbindən yaranıb.
Verilən məlumata görə, “Daewoo” markalı, 99-AX-884 dövlət nömrə nişanlı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsini yolun ortasında saxlayaraq naməlum istiqamətdə yayınıb. Bir saatdan sonra o, benzinlə dolu kanistr ilə qayıdıb.
Avtomobilin yol polisi tərəfindən evakuasiya olunduğunu gördükdə hay-küy salmağa başlayıb: "Yanacaq bitmişdi, nə etməli idim?". O, avtomobili tərk etməsini yanacağın bitməsi ilə izah edib.
Yol polisi əməkdaşları vətəndaşa yanacağın bitdiyi və ya digər texniki nasazlıqlar yarandığı zaman ətrafdakılardan kömək istəməli və nəqliyyat vasitəsini yan tərəfə aparmağın zəruriliyini izah ediblər. Sürücü səhvini etiraf edərək polisdən üzr istəyib.