Bakıda müxtəlif şəxslərə qarşı dələduzluq edən tibb bacısına hökm oxunub. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Keçmişdə tibb bacısı işləyən Həvvaxanım Qasıməliyeva 2 il müddətinə şərti azadlıqdan məhrum edilib.
Təqsirkar müxtəlif şəxslərə onun Əmək və Sosial Müdafiəsi Nazirliyində tanışı olduğunu və həmin şəxslər üçün pensiya düzəldəcəyini vəd edib. Bu yolla o, 7 nəfərdən ümumilikdə 14.500 AZN pul götürüb.
2000-ci ildən K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunda işləyən H.Qasıməliyeva 2018-ci ildən dələduzluğa başladığını bildirib. Onu bu işə digər tibb bacısı olan Günay Məmmədova cəlb edib.
“Günay maddi vəziyyətimin aşağı olmasını bilirdi. Mənə dedi ki, pul qazanmaq istəyirsənsə, özünə yaxın olan, etibar etdiyin şəxslərə sosial yardım düzəltmək təklifini et. Aylıq 380 AZN pensiya köçürülməsi üçün 2500 AZN, 250 AZN pensiya köçürülməsi üçün isə 2000 AZN Günaya verməli idim. O da öz növbəsində həmin pulu “Lala xanım” dediyi şəxsə verəcəkdi. Günay mənə dedi ki, pul aldığın şəxslərdən özün üçün də artıq pul götürə bilərsən", - deyə H.Qasıməliyeva əlavə edib.
Zərərçəkmişlər onlara dəymiş maddi ziyanın tam ödənildiyini və şikayətlərinin olmadığını bildiriblər.