Bakıda yeni doğulmuş uşağa yanlış qan qrupu təyin edilib. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Uşağın atası Rəhman Abbaszadənin sözlərinə görə, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda onun övladına səhv qan qrupu təyin ediblər.
Belə ki, körpəyə müsbət I qan qrupu qoyulub, sonradan “ASAN Xidmət”dən vəsiqə almağa gedəndə bəlli olub ki, uşaq müsbət III qan qrupuna aiddir.
“2 dəfə analiz verildi və məlum oldu ki, səhvlik xəstəxanaya aiddir. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu isə bizə laboratoriyada analizlərin qarışıq düşdüyünü çox rahat şəkildə bildirdi. Həkim Cahan İslamovaya normal doğuş üçün 400 AZN ödəniş etmişik, lakin indi boynuna almır və problem həll edilmir”, - deyə R.Abbaszadə bildirib.
Tibb müəssisəsindən məsələ ilə bağlı bildirilib ki, 6 nömrəli doğum evi uşağa O(I) RH+ qan qrupu təyin olunduğunu təsdiqləsə də, iddianı tam əsaslı saymayıb.
“Qeyd olunan tarixdən 1 il 7 ay müddət keçdiyinə görə, uşağın qan nümunəsi laboratoriyada mövcud deyil. İddianın əsaslı və ya əsassız olduğu haqqında hər hansı fikir səsləndirmək qeyri-mümkündür”, - deyə müəssisə əlavə edib.